Türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlunun ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin sabiq müdiri Azər Maqsudovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş Arif Acaloğlunun hüquqi varsinin nümayəndələri “Mirzayev and Partners Law Firm” hüquq bürosunun vəkilləri Dədəkişi Vəlizadə və Rəşad Abdıyev vəsatət qaldırıblar. Vəsatətdə mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsi qaldırılıb.
Qısa müşavirə keçirən hakim zərərçəkmiş şəxsin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edib.
Qərarə əsasən, vərəsələr tərəfindən zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilib. Bildirək ki, qaldırılan mülki iddia 400 min manatdır.
Lakin təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması ilə bağlı vəsatət təmin edilməyib.
Növbəti proses iyulun 4-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 15-də, saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.
Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Hadisədən sonra Azər Maqsudovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.