Azərbaycanda terror aktı, dövlət xadimlərinə sui-qəsd hazırlamaqda ittiham olunan Elşən Yunis oğlu Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Nəcəfov ifadə verib.
O bildirib ki, 2023-cü ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.
Onun sözlərinə görə, həbs olunmamışdan əvvəl dövlət qulluqçusu olub, dövlət orqanlarından birində işləyib: "Səhər saat 8-də işə gedirdim. Yolda süni qəza səhnəsi yaradıldı və maşından düşəndə məni tutdular. Məni sorğu-sual etdilər. Məni hara apardıqlarını bilmədim. Harada olduğumu soruşdum. Dedilər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasındayam".
Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, həbs olunmamışdan əvvəl Elm və Təhsil Nazirliyinin dəftərxanasında işləyib.
O bildirib ki, sosial şəbəkələrdə bir müddət aktiv, bir müddət isə passiv istifadəçi olub. Onun sözlərinə görə, sosial şəbəkələrdə "Əli Zülfüqarlı" profilindən istifadə edib.
Elşən Nəcəfovun sözlərinə görə, “Riza Kazimi” ləqəbi ilə tanınan Rəhim Əliyevi "YouTube"dan tanıyıb: "Rəhim Əliyevi videoçarxlarına baxmışam, onun araşdırmaları var idi. Məndə onun araşdırmalarına baxırdım. "YouTube"dan onun telefonunun nömrəsini götürdüm. "Telegram"da yazdım. "İngilis casuslarının etirafları" adlı kitabda yazılanların həqiqəti əks etdirib-etdirməsi ilə bağlı Rəhim Əliyevə səsli mesaj göndərdim".
Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən soruşub ki, Əli Zülfüqarlı profili kiməsə məxsusdur, həmin profildə Azərbaycan hakimiyyətinin zorla ələ keçirilməsi, konstitusiyanın zorla dəyişdirilməsi ilə bağlı paylaşımlar edib.
Bununla bağlı suallara cavab verən təqsirləndirilən şəxs bildirib ki, Əli Zülfüqarlı profili ona məxsus olub, həmin sosial şəbəkədə passiv profili olub.
Dövlət ittihamçısının təqsirləndirilən şəxsə "Dövlət xadimlərinə sui-qəsd hazırlanması ilə bağlı nə deyə bilərsiniz" sualına cavab olaraq deyib ki, heç bir dövlət xadiminə sui-qəsd hazırlamaq niyyəti olmayıb.
Daha sonra vəkilin suallarını cavablandıran təqsirləndirilən şəxs əlavə edib ki, Rəhim Əliyevdən İslamda müəyyən dövlət xadimlərinə sui-qəsd etməyin halal, yoxsa haram olmasını soruşub.
İş materiallarında qeyd olunub ki, Elşən Nəcəfov ayrı-ayrı vaxtlarda iki dəfə xarici ölkələrdən birinin Azərbaycandakı səfirliyi izləyib. O, 2 dəfə xarici ölkənin səfirliyinin yanında olub.
Növbəti proses oktyabrın 3-də keçiriləcək.
İstintaq materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham elan edilib.