3 Mart 2015 11:24
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə direktor və onun müavinlərini cəzalandırdı

Sumqayıt Apelyasiya Məhkəməsində Quba şəhərində H.Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Əkbərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Qasımova və təsərrüfat işləri üzrə müavin Nüsrəddin Hacıbabayevin apelyasiya prosesi başa çatıb.

İttihama görə, Nüsrəddin Hacıbabayev vəzifə səlahiyyətlərindən sui-istifadə yoluyla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və vəzifə saxtakarlığı törədib. 15 sentyabr 2011-ci il tarixli 128 saylı əmrlə həmin məktəbə texniki işçi təyin olunmuş Anjella İbrahimova işə çıxmayıb, buna baxmayaraq, o, Anjellaya 4 mart 2013-cü il tarixədək olan müddətdə əlavə əməkhaqqı yazıb. Həmin əməkhaqqı cədvəlləri məktəbin möhürü ilə təsdiqlənib, daha sonra Quba rayon icra hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə göndərilib.

Nümayəndəlik tərəfindən Anjella İbrahimovaya 2011-ci ilin sentyabr ayından 2013-cü ilin mart ayınadək 1759 manat əməkhaqqı hesablanıb və həmin məbləğ onun "KapitalBank"dakı hesabına köçürülüb.
Digər təqsirləndirilən şəxslər Xanımsona Əkbərova və Elmira Qasımova isə Nüsrəddin Hacıbabayevanın qanunsuz əməlinə göz yuyublar.

Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 314.1-ci (səhlənkarlıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Elmira Qasımova isə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunublar.

Quba Rayon Məhkəməsinin hökmü ilə Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova 1000 manat cərimə olunub, Elmira Qasımovanın barəsində isə ittiham hökmü çıxarılmayıb. Onun ittiham olunduğu maddənin ittiham müddəti keçdiyi üçün hakim belə nəticəyə gəlib.

Həmçinin hakim Cinayət Məcəlləsinin 308.1-ci maddəsini ittihamdan çıxararaq, həmin maddə ilə Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərovaya cəza təyin etməyib.

Hökmdən narazı qalan Nüsrəddin Hacıbabayev və Xanımsona Əkbərova apelyasiya şikayəti verərək cərimə cəzalarının ləğvini istəyiblər. Həmçinin prokurorluq apelyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib. Tərəflərin şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçən prosesdə prokuror Zəfər Ramazanov bildirib ki, təqsirləndirilən şəxslər barəsində Quba Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilməlidir. Prokuror hesab edir ki, Nüsrəddin Hacıbabayev Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, Elmira Qasımova 308.1-ci maddə ilə, Xanımsona Əkbərova 313 və 314.1-ci maddələrlə təqsirli bilinməlidirlər: "Məhkəmə hökmdə təqsirləndirillən Nüsrəddin Hacıbabayev və Elmira Qasımovaya irəli sürülmüş ittihamın tam təsdiqini tapdığını göstərib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham "artıq ittiham" kimi nəzərə alınıb və həmin maddə ümumi ittihamdan xaric edilib.

Məhkəmə qeyd olunan nəticəyə gəlinməsini Rusiya Federasiyası Məhkəmələrinin məhkəmə təcrübəsindən nümunələr gətirməklə əsaslandırıb. Halbuki iş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin cinayət əməli sübuta yetirilib.

İş materiallarında qeyd olunub ki, Elmira Qasımova məktəb-liseyin direktoru vəzifəsində işləyərkən müavini Gülnar İbrahimovanın xahişi ilə gəlini Anjella İbrahimovanı xadimə kimi işə götürüb, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Nüsrəddin Hacıbabayev onun işə çıxmaması, işləməməsi barədə dəfələrlə məlumatlandırılıb. Buna baxmayaraq, Nüsrəddin Hacıbabayev saxta sənədləri imza və təsdiq etməklə Quba rayon icra hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə göndərib. Nəticədə Anjella İbrahimovaya işləmədiyi halda əməkhaqqı alıb".

Prokurorun sözlərinə görə, Elmira Qasımova qeyd edilən əməllərini direktor müavini Gülnar İbrahimova qarşısında nüfuz qazanmaq məqsədi ilə törədib. Prokuror qeyd edib ki, təqsirləndirilən şəxs işçisini işə çıxamamasına göz yumub.

Sonda işə baxan hakim prokurorun protestinin təmin edilməsi barədə qərar açıqlayıb. Prokurorun protesti qismən təmin edilib və Quba Rayon Məhkəməsinin hökmü ləğv olunub.

Yeni hökmə əsasən, təqsirləndirilən şəxslər istintaq orqanını irəli sürdüyü ittihamlarla mühakimə ediliblər və onların hər biri 1000 manat miqdarında cərimələniblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər