31 Mart 2015 13:17
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirhəsən Seyidov: “Onlar sonrakı addımlarında bu kimi ciddi səhvlərə yol verməməlidirlər”

Bu günlərdə bir sıra mətbuat orqanları tərəfindən ilk dəfə olaraq Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının guya saxta olması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmağa başlayıb. İddiaya görə, əsl Avropa Oyunları 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək.

Bəs görəsən, belə xəbərlər haradan qaynaqlanır və məqsəd nədir?

Məsələyə münasibət bildirən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib ki, əslində bu xəbər Böyük Britaniyanın “İnside the Games” saytında gedib və bunu “Azadlıq radiosu” tirajlayıb.

M.Seyidovun sözlərinə görə, bu xəbər onlar tərəfindən təkzib edilib: “Xəbər başlığında ”saxta çıxdı" kimi ifadənin verilməsi doğru deyil. Çünki burada kobud tərcümə səhvinə yol verilib. Bu xəbərdən çox keçmədi ki, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki “Bakıda keçiriləcək I Avropa Oyunları böyük hadisədir” kimi fikirlər səsləndirdi. Əsas olan Azərbaycana gələcək idmançıların 2-ci, 3-cü statusda olması deyil, məhz I Avropa Olimpiya Oyunlarının ilk dəfə Bakıda keçirilməsidir".

M.Seyidov əlavə edib ki, bu kimi xəbərləri gündəmə gətirənlərin niyyətlərinin nə olduğu açıqdır: “Reallıq da onu sübut edir ki, Azərbaycan ev sahibliyi etdiyi Avropa Olimpiya Oyunlarının öhdəsindən layiqincə gələcək. Çünki biz bu təcrübəni ”Avroviziya" zamanı da görmüşük və həmin vaxt da ölkəmizə qarşı aparılan qara piarın şahidi olmuşuq. Təəssüflər ki, indi də həmin proseslər davam edir. Bu adamlar hər bir şeyi kənara qoyub, vətəndaşlıq mövqeyindən çıxış etməyi bacarmalıdırlar. Əgər hansısa problemlər varsa, onu öz daxilimizdə həll etməliyik. Biz demirik ki, Azərbaycan hər şeyin ən ideal olduğu ölkədir və hər şey çox yüksək səviyyədədir. Təbii ki, ölkə olaraq bizim öz problemlərimiz var. Amma bu problemlər beynəlxalq təşkilatlara gedib çıxmamalı, həlli yolu, qaydası ancaq özümüzə aid olmalıdır".

Təşkilat sədri qeyd edib ki, Azərbaycanın bu oyunlar çərçivəsində hansı öhdəlikləri üzərinə götürməsi ilə bağlı bir çox insanların xəbəri yoxdur: “Açıqlanmış rəsmi büdcə olduğu halda ölkəmizin adına ”qara yaxmaq" istəyən adamlar bu rəqəmləri milyardlarla göstərərək gənclərin fikirlərini qarışdırmış olurlar. Əgər bu gün kimsə tutduğu mövqedən və ictimai-siyasi baxışından asılı olmayaraq, Azərbaycan qanunvericiliyinə əməl etmirsə, o qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, Azərbaycanda keçirilməsi planlaşdırılan I Avropa Olimpiya Oyunlarının “saxta çıxması”nı “sevinclə” qarşılayan insanlar bunu bilməlidir ki, onların “sevincin”dən çox keçmədən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin fikirlərini gördük. Bu, həmin insanlara birmənalı şəkildə mesajdır ki, onlar bundan sonrakı addımlarında bu kimi ciddi səhvlərə yol verməsinlər".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər