10 Aprel 2015 18:37
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Gəncədə partlayış baş verib.

Teleqraf.com-un Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə saat 04 radələrində Rahib Məmmədov küçəsi, ev 26 ünvanında, Pərviz Hüseynova məxsus evdə qeydə alınıb.

Kimliyi, hələ ki, istintaqa bilinməyən şəxs və ya şəxslər Pərviz Hüseynova məxsus evin pəncərəsini çöl tərəfdən qarşısına partlayıcı maddə yerləşdirərək güclü partlayış törədiblər. Hadisə nəticəsində xəsarət alan olmasa da, evin yataq otağına ziyan dəyib. Ev sahibinin sözlərinə görə, partlayıcı maddənin içərisində müxtəlif ölçülü mismarların olması otaqdakı bütün əşyaları, mebeli, tavanı, qapını zədələyib. Hadisə nəticəsində otaqda yatan iki nəfər xəsarət almayıb.

Ev sahibəsi Fəranə Hüseynova hadisənin kim tərəfindən törədillməsi barədə heç bir təsəvvürü olmadığını bildirib: "Gecə saat 4 idi. Yatırdıq. Birdən gurultulu səs çıxdı, ayıldıq ki, ev tüstüdür təmiz. Pəncərələr qırılmışdı, özümüzü təmiz itirdik. Vallah heç kimlə elə ədavətimiz də yoxdur ki, belə bir hərəkət olunsun. Ancaq şikayətçiyik ki, tapılsın cəzası verilsin hər kimdilərsə".

Hadisə şahidi Selyan Məmmədova bildirib ki, partlayış o qədər güclü olub ki, qonşuluqda yerləşən evlərə də zərər dəyib: "5-ə işləmiş bir də çığırdılar ki, ev partladı. Oğlum çıxdı küçəyə o tərəfə bu tərəfə qaçdı, ancaq heç kimi görə bilmədi. Qonşular hamısı çıxdılar çölə, onların da evini o günə qoyub, partlayış bizim də evin pəncərələrinin şüşələrini töküb".

Dərhal hadisə yerinə FHN-nin yerli qurumları və polis əməkdaşları cəlb olunsa da, partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyi, hələ ki, məlum deyil.




















Müəllif: