Şəki Apelyasiya Məhkəməsində İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Gülağa Soltanovun cinayət işinə baxılıb. İttihama görə, Gülağa Soltanovun bacısı Gülər İsmayıllı şəhər sakini Kamil Mənsimovla 2014-cü ilin fevralından mayına kimi qeyri-rəsmi nikahda yaşayıb.
Amma Kamil may ayında Gülərdən ayrılıb. O, birgə yaşadığı müddətdə Güləri döyüb, onunla rəsmi nikaha girməkdən imtina edib. Bunu eşidən Gülağa Kamildən qisas alaraq öldürmək qərarına gəlib. May ayının axırlarında Bakıda 8-ci kilometr bazarından cib bıçağı alaraq evinə qayıdıb. Avqustun 26-da axşamüstü kənddə toy məclisində iştirak edərkən Kamil Mənsimovu da orada görüb. O, Kamili öldürmək niyyətini qətiləşdirərək yaşadığı evə dönüb, bıçağı götürərək toya qayıdıb.
Daha sonra Kamil Mənsimovu mağarın kənarına dəvət edərək bacısı Gülər Soltanova ilə rəsmi nikaha daxil olmaq istəməməsinin səbəbini soruşub. Ardınca borc aldığı 270 manat pulu qaytarmamasını bəhanə edərək cavab gözləmədən Kamil Məsimova çoxsaylı bıçaq zərbələri vurub. Kamil zərbələrin təsirindən yerə oturaraq yarasını tutub. Gülağa oturmuş vəziyyətdə ona daha iki bıçaq zərbəsi endirib. Kamilin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb.
Kənd sakinləri Kamil Mənsimovu İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Kamil xəstəxanada müalicə olunsa da, xəsarətlərdən sentyabrın 5-də ölüb.
Gülağa Soltanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Gülağa Soltanovun vəkili Nəvaid Abbasov apelyasiya şikayəti verib.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən apelyasiya prosesində Nəvaid Abbasov vəsatətlə çıxış edib. Bildirib ki, Gülağa Soltanovun cinayət törətdikdən sonra anlaqlı olub-olmamasını müəyyən etmək üçün təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi vacibdir. Dövlət ittihamçısı Rəhim Xudiyev vəsatətə etirazını bildirib və onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edib.
Müşavirə keçirən hakim heyəti vəsatətin təmini barədə qərar açıqlayıb.
Qərarda qeyd edilib ki, ekspert Gülağa Soltanovun əməlinin Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşməsi, onun barəsində həmin məcəllədə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması, həmçinin əgər tibbi xarakterli məcburi tədbirlər tətbiq olunarsa, onda hansı növ tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması ilə bağlı suallara cavab verməlidir.
Hakimlər həmçinin suallara cavab verən eksperti bilə-bilə yalan rəy verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət daşıdığı haqda da xəbərdar ediblər.
Ekspertizanın nəticələri alınana kimi məhkəmə iclası təxirə salınıb.
Hacı Zeynalov