Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il mayın 6-da 1951-ci il təvəllüdlü Vahid Əhmədovun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Vüqar Yunusov tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüqar Yunisovun müdafiəçisi apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəza təyin edilməsini istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Vüqar Yunisovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayət təmin edilməyib.
Onu da qeyd edək ki, Vahid Əhmədov sabiq polis əməkdaşı olub.
Hacı Zeynalov