Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1967-ci il təvəllüdlü Şəhlriyar Əhədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi keçən il iyunun 28-də Binəqədi rayonunda yerləşən parkda baş verib. 1967-ci il təvəllüdlü Əhədov Şəhlriyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Ağayevi Namiq Ağa oğlunu bıçaqlayıb. N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov isə hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılaraq istintaqa təhvil verilib.
İstintaqla müəyyən edilib ki, Səhliyar və Namiq işləmək məqsədi ilə Zərdab rayonundan Bakıya gəliblər, fərdi qaydada kafel ustaları olaraq təmir işi ilə məşğul olublar. Ayın 27-də axşam M.Rəsulzadə qəsəbəsində görüşən dostlar yaxınlıqdakı kafedə yeyib-içiblər, yanlarında Rasim adlı tanışları da olub. Oradan çıxandan sonra Əhmədov Ağayevə ona borclu olduğu 5000 manat pulu yaxın vaxtlarda qaytarmasını tələb edib, cavab olaraq sonuncu ona borcu olmadığını və heç vaxt Səhliyardan pul almadığını iddia edib.
Bu zəmində aralarında mübahisə yaranıb, Namiq borc verənin və alanın ünvanına dəfələrlə söyüşlər işlətdiyinə görə, Əhmədov cibindan məişət-təsərrüfat təyinatlı bıçağı çıxarıb və yoldaşının qarın nahiyəsinə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb. İstintaq zamanı Səhliyarın 5000 manat verməsi təsdiqini tapmayıb, yalnız məlum olub ki, o kirayəşin yaşadıqları müddətdə bir dəfə Namiqin əvəzinə aylıq 120 dollar həcmində kirayə pulunu verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham olunan Şəhliyar Əhədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüv edilib və onun cəzası 12 ilə endirilib.
Hacı Zeynalov