Məhkəmə qaynın öldürmək istəyən Ağdaş sakininə 10 il 6 ay cəza kəsdi
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Ağdaş sakini Rəmzi Babazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 1979-cu il təvəllüdlü Rəmzi Babazadə 17 avqust 2014-cü il tarixdə, saat 13 radələrində Ağdaş şəhəri C.Cabbarlı küçəsindəki evdə həyat yoldaşı Günəş Babazadəni döyüb. Günəş döyülməsi ilə bağlı qardaşı Tural Hüseynova telefonla xəbər verib.
Günəşin anası Nəzakət Hüseynova qızını aparmaq üçün kürəkəninin evinə yollanıb. Az sonra ora Günəşin atası Rəhman Hüseynov, daha sonra qardaşı Tural Hüseynov da gəlib. Rəmzi Babazadə Tural Hüseynovla mübahisə edib, mətbəxə girib və bıçaq götürərək geri qayıdıb. O, Tural Hüseynovun bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vurub.
Rəmzinin atası Məcnun Babazadə onları ayırana qədər yeznə qaynına 13 bıçaq vurub. Turalı yaxın qohumları dərhal xəstəxanaya çatdırıblar və həkimlər onun həyatını xilas edib.
"Tural məni nalayiq söyüşlər söydü"
Rəmzi Babazadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçən prosesdə Rəmzi Babazadə ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, avqustun 17-də, saat 12.40 radələrində həyat yoldaşı Günəşlə aralarında mübahisə yaranıb: "Mübahisə zamanı arvadıma bir şillə vurdum. Günəş qonaq otağına keçərək qardaşı Turala zəng etdi. Telefonda qardaşına dedi ki, ərim məni döyür, gəl onun cavabını ver. Günəşin əlindən telefonu aldım, qaynım Tural yenidən zəng etdim. Tural telefonda "gəl şəhərə, səninlə söhbət edək" deyə bildirdi. Dedim, gəlmirəm, gəl bacın Günəşi götür, öz evinizə apar.
Tural telefonda mənə nalayiq söyüşlər söydü. Günəş paltarını dəyişərək atası evinə getdi. Buna görə də atama zəng vurdum, Günəşin evdən getməsi, Turalın məni telefonda hədələməsi barədə məlumat verdim. Bu səbəbdən atam da evə gəldi. Günəş evdən getdikdən təxminən 20 dəqiqə sonra qaynanam Nəzakətlə birlikdə qayıtdı və nalayiq söyüşlər söyərək məni təhqir etdilər. Qaynanam və arvadım uşaqların paltarlarını yığışdırmaq üçün yan otağa keçdilər. Bir qədər sonra qaynatam Rəhman da gəldi, Rəhman atama və mənə nalayiq söyüşlər söydü. Sonra uşaqları da götürərək həyətə düşdü.
Bu zaman qaynım Tural gəldi, mən dəhlizdə dayanmışdım. Tural söyüş söyərək üstümə yeridi, mənimlə dalaşmağa başladı. Üzərimdə olan bıçaqla ona bir neçə dəfə xəsarət yetirdim, atam bizi araladı. Hadisə vaxtı Tural və özümdən başqa dəhlizdə heç kim olmayıb. Turalın anası və bacısı isə yan otaqda idilər".
"Rəmzi bıçaqla məni vurmağa başladı"
Rəmzi Babazadə həmçinin ifadəsində Turalı bıçaqla vurduğu vaxt öldürmək niyyətinin olmadığını və törətdiyi əməldən peşmanlığını bildirib.
Zərərçəkmiş şəxs qismində ifadə verən Tural Hüseynov deyib ki, avqustun 17-də bacısı Günəş zəng edərək əri Rəmzinin onu döydüyünü dedi və gəlib onu aparmağımı istədi: "Rəmzinin telefonuna zəng etdim, o da "gəl, bacını apar" söylədi. Rəmziyə şəhərdə görüşüb, söhbət etməyi təklif etsəm də, söyüş söyməyə başladı. Mən də onu söydüm. Evə gedib bu barədə anama danışdım.
Anam Günəşi gətirmək üçün çıxdı. Bir qədər sonra atam zəng edərək Rəmzigilə getdiyini söylədi, uşaqları və uşaqların paltarlarını götürmək üçün oraya gəlməyimi istədi. Mən də Günəşin yaşadığı evə getdim. Binaya çatanda atamın Günəşin uşaqları ilə birlikdə blokdan çıxıb maşına doğru getdiyini gördüm.
Bacıma və anama kömək üçün pilləkənlərlə qalxaraq mənzilə girdim. Koridora daxil olanda anamla bacımın yan otaqda olduqlarını bildim. Ora keçmək istəyəndə Rəmzi üstümə gəldi, mənimlə dalaşdı, qəfildən bıçaqla vurmağa başladı".
"Anam ərim və onun ailə üzvləri ilə mübahisə etdi"
Zərərçəkmiş Günəş Babazadə bildirib ki, həmin gün əri uşaqlara görə qışqıraraq ona irad tutub: "Rəmziyə cavab verərək öz otağıma getdim. O, arxadan yumruqla böyrəyimdən 2 dəfə vurdu, özümü pis hiss etdiyimdən yataqda birtəhər uzandım. Rəmzinin telefonundan qardaşım Turala zəng edib məni döydüyünü bildirdim. Bundan sonra evdən çıxaraq atam evinə gedərkən yolda anamla qarşılaşdım. Birlikdə geri qayıtdıq ki, uşaqları da götürək. Evdə qaynatamı, baldızımı və Rəmzini gördüm. Yataq otağına keçdim, uşaqların paltarlarını toplamağa başladım. Anam isə qonaq otağında ərim və onun ailə üzvləri ilə mübahisə edirdi.
Atam da evə daxil oldu, uşaqları götürüb aşağı düşdü. Otaqda olan zaman birdən evin dəhlizində səs-küy eşitdim. Turalın dəhlizdə üst-başının qan içində olduğunu, Rəmzinin də yataq otağı qarşısında əlində bıçaq dayandığını gördüm. Bütün bu hadisələr qısa vaxt ərzində, bir neçə saniyə ərzində baş verib. Hətta Turalın evə necə gəldiyini də görməmişəm.
Atam yenidən içəri girdi, niyə gəlmədiyimizi soruşdu. Turalı görəndə onu da götürərək aşağı endi. Bundan sonra Turalı Ağdaş rayon xəstəxanasına apardıq".
Məhkəmənin hökmü ilə Rəmzi Babazadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov