Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış iş adamının düşdüyü avtomobil qəzasında təqsirli bilinən Əhliman Hüseynov və İlham Əsgərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə əhliman Hüseynov 6 il, İlham əsgərli isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən şəxslər məhkəmə zalından həbs ediliblər.
Ötən ilin sentyabrın 27-də Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Pərvin Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən 16 yaşlı Sənan Mirzəyev orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, ölən Sənan Mirzəyevin “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu olduğu bildirilir. İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.
Hacı Zeynalov