Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitə saxlanılıb.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, belə ki, mayın 10-da saat 00:45 radələrində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində DSX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kq narkotik vasitə olan həşiş qətranının Azərbaycana gətirilməsinin qarşısı alınıb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub.
Bundan başqa Horadiz sərhəd dəstəsinin Füzuli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində mayın 10-da saat 01:50 radələrində DSX əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Saatlı rayon sakini, 1981-ci il təvəllüdlü Rüstəmov İlham Qardaşxan oğlu 3 kq marixuana ilə birlikdə saxlanılıb.
Qeyd olunan faktlarla bağlı DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılmış şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işləri üzrə digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BƏXTİYAR