Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Xəlilovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 1 il sınaq müddətə şərti cəza təyin edilib.
Elçin Xəlilovun vəkili Fəxrəddin Mehdiyev Teleqraf.com-a bildirib ki, bütün əsas ittihamlar hüquqlarını qoruduğu şəxsin üzərindən götürülüb. Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmə araşdırması zamanı çoxlu sayda şahidlər və o cümlədən, Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri dindirilib: “Bundan başqa, məhkəməyə əlavə sənədlər, materiallar və faktlar təqdim olunub və onlar hakim tərəfindən nəzərə alınıb. Bu sənədlər və faktlar ittihamçının təqsirsiz olduğunu sübut etməyə kifayət edib. Araşdırmalardan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçən iclasda qərara alınıb ki, Xəlilov Elçin Nüsrət oğlunun Azərbaycan Ruspublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (Dövlət əmlakının küllü miqdarda mənimsənilməsi, talan edilməsi) və 313 –cü (Vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan əməlləri törətməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilsin. Məhkəmə qərarı ilə Elçin Xəlilova əsas cəzaya şərti olaraq bir il sınaq müddəti müəyyən edilib. Qərar 2015-ci ilin iyunun 2-dən qüvvəyə minib”.
Fəxrəddin Mehdiyev hesab edir ki, Elçin Xəlilova “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə verilən ittiham, onun bir təmiz insan, ziyalı, qoçaq, tanınmış alim, öz şəxsi məqsədləri üçün dövlətə heç bir ziyan vurmayan insan kimi, adına kölgə salmayacaq: “Elçin Xəlilovun adı elm dünyasında yaxşı tanınır. Nəzərinizə çatdırım ki, o 90-a yaxın ixtira patentinin müəllifidır, hansıların ki 30 faizi beynəlxalq və başqa ölkələrin milli patentləridır. Hüquqlarını qoruduğum şəxs rəsmi təsdiqlənmiş bir elmi kəşfin və 300-dən artıq çap olunmuş elmi məqalənin müəllifidir. Hazırda Elçin Xəlilov qeyri-dövlət və qeyri- kommersiya təşkilatı olan Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi üzrə Elmi Tədqiqat İnstitutun müdiridir. O, eyni zamanda, Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkəyə, Dünya Elmi Əməkdaşlıq Təşkilatına, Ətraf Mühitin Geoloji və Qlobal Dəyişikliklərin Öyrənilməsi üzrə Beynəlxalq Komitəyə rəhbərlik edir. Hazırda qravitasiya problemlərinə həsr etdiyi monoqrafiyanı başa çatdırmaq üzrədir”.
Qeyd edək ki, Elçin Xəlilov 1993-cü ilin noyabrından 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin elmi tədqiqat mərkəzinə rəhbərlik edib və birbaşa müdafiə nazirinə tabe olub. 1997-ci ildə ona nazirliyin mərkəzi aparatının idarə rəisi statusu verilib. Elçin Xəlilov Müdafiə Nazirliyində 20 il işlədikdən sonra, sözügedən dövlət orqanında aparılan struktur dəyişikliyi və Elmi Tədqiqat Mərkəzinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Hüquq müdafiəçisi qeyd edib ki, Elçin Xəlilov Müdafiə Nazirliyində işlədiyi 20 il ərzində bir dəfə də olsun xidməti töhmət almayıb, əksinə, dəfələrlə mükafatlandırılıb və təltif olunub.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən ilin aprelin 26-da Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proesedə təqsirləndirilən şəxsin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət təmin edilib. Elçin Xəlilov məhkəmə baxış dövründə ev dustaqlığında qalması qərara alınıb.
Hacı Zeynalov