Səbail Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Vüqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Nihad Məmmədov dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Vəliyevə müraciət edib.
Vüqar Vəliyev Nihad Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və Nihad Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik o, Vüqar Vəliyevə verdiyi pulu geri ala bilməyib. İstintaq dövründə onun daha bir neçə cinayətinin üstü açılıb.
Vüqar Vəliyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham edilir.
Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü təqsirli bilməyib.
Məhkəmə iclası iyunun 2-də davam etdiriləcək.
Hacı Zeynalov