Sumqayıt Apelyasiya Məhkəməsində orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Qəfər Hacıyev 13 may 2013-cü il tarixdə, saat 09.00-da dərsə gecikmiş, məktəbin 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq fikrinə düşüb gəlib.
O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə o, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq Azad İlyasov ürək çatışmazlığından ölüb.
Qəfər Hacıyev qanunsuz hərəkətləri ilə Azadın ölümünə səbəb olub. Azad İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.
Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qəfər Hacıyevin Azad İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən bir müddət əvvəl Baş Prokurorluq apelyasiya protesti versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib.
Məhkəmə baxışı iyunun 10-na təyin edilib.
Hacı Zeynalov