Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Hüseynov ifadə verdi.
Elşən Hüseynov bildirib ki, “AMAY”-da anbardar işləyib. Onun adına “Vüsalə-96” firması yaradılıb, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan 1 milyon manat kredit götürülüb. Onun sözlərinə görə, həmin vəsait “AMAY”ın tikintisinə sərf olunub.
Daha sonra Abdulla Abdullayevin vəkili Əkbər Bağırov Sahibkarlığa Milli Kömək Fondunun icraçı direktoru Elçin Zeynalovun, “Birlikbank”ın İdarə Heyətinin sədri olmuş Səriyyə Səmədovanın məhkəmədə şahid qismində dindirilməsi haqda vəsatət verib. Abdulla Abdullayev həmin şahidlərin məhkəməyə çağırılmasına etiraz edib. Bu səbəbdən vəsatət müzakirə edilməyib.
Məhkəmə iclası iyunun 2-də davam etdiriləcək.
Hacı Zeynalov