Bacısından boşanan kişini bıçaqlayan gəncə 7 il 6 ay cəza verildi
Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1990-cı il təvəllüdlü Samir Musayevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, cinayət hadisəsi 28 dekabr 2013-cü il tarixdə baş verib.
Samir Musayev həmin günü saat 19 radələrində tanışları Elməddin Həsənov, Xalid İsgəndərov və Firqət Əhmədovla birlikdə Şirvan şəhərində avtomobillə gəzirmiş. "VAZ-2106" markalı avtomobildə olan Samir Heydər Əliyev adına istirahət parkının yaxınlığından keçərkən bacısının keçmiş əri Fuad Quliyevi əmisi Mehmana məxsus qarışıq mallar mağazasının yaxınlığında "BMW" markalı avtomaşının sükanı arxasında görüb.
O, dostlarına şəxsi işi olduğunu bildirib və avtomaşını saxlatdıraraq düşüb. Bacısının keçmiş ərinin yanına gələn Samir Musayev onunla bacısı ilə boşanmaları ilə bağlı mübahisə edib. Onlar yaranmış gərgin münasibətləri aydınlaşdırmaq məqsədilə parka daxil olublar. Hər iki şəxs birlikdə təxminən 4-5 metr gediblər.
Bundan sonra Samir Fuad Quliyevin bacısı və öz ailə üzvlərinə qarşı qərəzli, qeyri-etik münasibət göstərdiyi barədə qənaətə gəlib. O, qisas almaq məqsədilə özündə olan bıçaqla Fuad Quliyevə 3 zərbə vurub. Həmin vaxt Fuad Quliyevin kiçik qardaşı Elnur da ora gəlib.
Elnur və ətrafdakı digər şəxslərin köməyi ilə Fuad Quliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İki maddəli cinayəti işi və 7 il 6 ay cəza
Samir Musayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdəm adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Musayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Samir Musayev və onun vəkili Dilarə Əfrasiyabova apelyasiya şikayəti veriblər. Müdafiəçi Samir Musayevin əməlinin Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsüf edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş Fuad Quliyev də apelyasiya şikayəti verərək daha ağır cəzanın verilməsini istəyib.
"Fuad məni dönə-dönə təhqir etdi"
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Samir Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hərəkətləri müdafiə xarakterli olub: "Hadisə olan günü Fuad məni dəfələrlə təhqir edib. Əlimlə Fuada işarə edərək bildirdim ki, sözün varsa, gəl söhbət edək. Bunu eşidən Elnur yolu keçərək bizim yanımıza gəldi. Biz üçümüz birlikdə parkın içinə keçdik. Həmin an Fuad sol qolumdan tutaraq "sən kimsən, səninlə söhbət edim" deyə bildirdi.
Bu zaman arxamda dayanan Elnur çənəmin sol tərəfindən yumruqla vurdu. Sonradan hər üçümüz bir-birimizə yumruqlar vurduq. Fuadın yekəpər olduğunu və gücümün çatmayacağını gördüm. Onun sağ qolundan tutdum və cibimdən bıçaq çıxararaq sağa-sola var-gəl edərək fırlatdım. Elnur kurtkamı başıma çəkdiyindən heç nə görməmişəm və bıçaq təsadüfən Fuada dəyib.
Nə istintaq orqanı, nə polis, nə də məhkəmə işə obyektiv yanaşmayıb, bütün ittiham yalnız zərərçəkmişin və zərərçəkənin polis işçisi olan qardaşı Elnur Quliyevin, digər qohumlarının ifadəsi əsasında qurulub".
Samir Musayev daha sonra qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı deyil. O, hökmün ləğvini, ona daha yüngül cəza verilməsini xahiş edib.
Vəkil: "Samir Musayevin ifadəsi səmimi qəbul edilməyib"
Vəkil Dilarə Əfrasiyabova bildirib ki, Samir Musayev barəsində çixarılmış hökmü əsassız, ona təyin edilmiş cəzanı həddən artıq ağır hesab edir: "Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
Məhkəmənin hökmündə əsassız olaraq göstərildiyi kimi, Samir Musayevin zərərçəkmiş Fuad Quliyevi öldürmək niyyəti olmayıb. Fuad və qardaşı Elnur tərəfindən döyüldüyü üçün özünü müdafiə edərkən bıçağın təsadüfən Fuada dəyməsi barədə ifadəsi özünü müdafiə xarakterli kimi qiymətləndirilib. Bununla bağlı Samir Musayevin ifadəsi səmimi və obyektiv ifadə kimi qəbul edilməyib.
Fuad Quliyev və şahidlər Elnur Quliyev, Mehman Quliyev və İlham Qafarovun ifadələri daha obyektiv və səmimi ifadələr kimi qəbul edilib. Bu, bir daha sübut edir ki, məhkəmə işin araşdırılmasına obyektiv yanaşmayıb. Belə olmasaydı, məhkəmə ifadəsi Samir Musayevin ifadəsi ilə üst-üstə düşən şahid Günay Əliyevanın ifadəsinə istinad edərdi".
Müdafiəçi Samir Musayevin əməlini Cinayət Məcəlləsinin 129.1-ci maddəsinə tövsif edilməsini, ona həbslə əlaqəli olmayan cəza təyin olunmasını istəyib.
Zərərçəkmiş: "Samir məni öldürmək niyyətində olub"
Zərərçəkmiş Fuad Quliyev isə bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Samir Musayevin barəsində daha yüngül cəza təyin edib. O, birinci məhkəmə instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və Samir Musayevə daha ağır cəzanın verilməsini istəyib: "Samir Musayev mənə xəsarət yetirdiyi bıçağı məqsədli şəkildə, yəni məni öldürmək üçün özü ilə götürüb və hadisə yerinə gəlib. Samir mənim Şirvan şəhərində yaşayan valideynlərimin yanına gəldiyimi bilib.
O, avtomobillə dostları ilə birlikdə məni müşahidə edib və Heydər Əliyev adına parkda bu fürsəti əldə edib. Samir cinayəti törətməyə əvvəlcədən hazırlaşıb. Aldığım xəsarətlərin xarakteri də Samirin məni öldürmək niyyətində olmasına dəlalət edir. Səhhətində yaranmış problemlər hazırda peşəkar hərbçi kimi xidmətimi davam etdirməyimə mane olur".
Dövlət ittihamçısı Ədalət Əzizov bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən Samir Musayevə təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apelyasiya şikayətinin əsaslı olub. O, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin və onun vəkilinin apelyasiya şikayətlərinin təmin edilməməsini məhkəməyə təklif edib.
Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətlərinin təmin edilməməsi barədə qərar elan edib.
Qeyd edək ki, zərərçəkmiş Fuad Quliyevin əmisi Mehman Quliyev Şirvan şəhərində və ətraf rayonlarda iş adamı kimi məşhurdur.
Hacı Zeynalov