Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə qarşı dələduzluqda təqsirli bilinən Əsli Həsənova və Fazil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, Əsli Həsənova Rusiyada öldürülən ərinin Qarabağ döyüşlərində şəhid olması haqda saxta arayışla dövlətddən 9780 manat təqaüd alıb. O, Dövlət Sosial Müdafiə Fondundan saxta arayışla bir neçə il təqaüd alıb. 2013-cü ildə onun saxta sənədlə bu pulu əldə etməsi üzə çıxıb. Əsli Həsənova və Fazil Bayramov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
Hakim Ramella Allehverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Maya Manafova ifadə verib. O, bildirib ki, sənədləri Əsli Həsənova Sosial Müdafiə Fonduna təqdim edib: “Bizdə sənədləri araşdırandan sonra komissiya təşkil edilib və Əsli Həsənovaya təqaüd ayrılıb”.
Maya Manafova qeyd edib ki, 2013-cü ildə Əsli Həsənovanın sənədlər təqdim etməsinin saxta olması üzə çıxıb. Məhkəmə iclası iyulun 8-də davam etdiriləcək.
Qeyd edək ki, Əsli Həsənova məhkəmədə ifadəsində bildirib ki, arayışın saxta olduğunu və ərinin Rusiyada öldürüldüyünü bilməyib: “Biz 1987-ci ildə evlənmişik, Xocavənd rayonunda yaşayırdıq. Yoldaşım tez-tez Rusiyaya gedib, orada işləyirdi. 1991-ci ildə biz də onunla birgə Rusiyaya gedib orada yaşadıq. Həmin ilin dekabrında qızım Lalə dünyaya gəldi. Ondan sonra mən qızımı götürüb Azərbaycana qayıtdım. 1992-ci il martın 13-də atam dedi, ərini öldürüblər. Elə bildim, Rusiyada vurublar, çünki mən onun Rusiyada olduğunu bilirdim. Atam dedi ki, o, Qarabağ döyüşlərində həlak olub”.
Hacı Zeynalov