11 İyul 2015 18:56
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə narkotik ittihamı ilə həbs olunan Yardımlı sakininin cəzasını yüngülləşdirdi

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1973-cü il təvəllüdlü Hidayət Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Hidayət Nəzərov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Məmməd adlı vətəndaşı və qeyriləri ilə İrandan Azərbaycana gizli yolla narkotik vasitə keçirmək istəyib. Həbs olunan zaman ondan 939,24 qram heroin, 4 kiloqram 806 qram tiryək və 989,18 qram qurudulmuş marixuana aşkar edilib.

Hidayət Nəzərov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Hidayət Nəzərov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib.

"Narkotikin dəqiq çəkisini bilməmişəm"

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Hidayət Nəzərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, İran vətəndaşı kimi tanıdığı Məmməd adlı şəxs 2013-cü ilin may ayının ortalarında ona zəng edib və İrandan bağlamalar göndərəcəyini, həmin bağlamaları deyəcəyi adamlara çatdırmaq lazım olduğunu deyib: "Məmməd bildirdi ki, zəhməthaqqı kimi mənə çatacaq pulu narkotiki alan şəxs verəcək. Bu ərəfədə Məmmədlə mütəmadi telefon danışıqlarım olub. Aramızdakı razılaşmaya əsasən, Məmmədin göndərəcəyi narkotik vasitələri sərhəddən keçirənlər Yardımlı rayonunun, Tahirli kəndinə gətirməli idilər. O, göndərəcəyi narkotik vasitələrin dəqiq çəkisini bildirməsə də, təxmini ölçüsü barədə məlumat vermişdi. O, narkotik bağlamasını çox da böyük həcmdə olmadığı üçün sərhəddən gizli keçirilməyin o qədər də çətinlik olmayacağını söyləmişdi".

"Daşımamışam, göndərməmişəm, satmamışam"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin mayın 26-da, axşam vaxtı Sumqayıt şəhərində olarkən Məmməd ona yenə telefon açıb və artıq narkotikin sərhəddən keçirildiyini, Yardımlı rayonunun Tahirli kəndinə gətirildiyini bildirdib: "Ona narkotiki götürmək üçün ancaq may ayının 28-də Yardımlı rayonuna gedəcəyimi dedim. Məmməd də narkotik vasitələri götürən kimi əlaqə saxlamağı tapşırdı.

Lakin mayın 28-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları məni Sumqayıt şəhərində yaşadığım evdə saxladılar. Buna görə də İrandan göndərilmiş narkotiki əldə edə bilmədim, məndə narkotik vasitə aşkarlanmayıb. Hər hansı bir narkotik vasitəni istehsal və emal etməmişəm, daşımamışam, göndərməmişəm və satmamışam".

"Məhkəmə ağır cəza təyin edib"

O qeyd edib ki, qaçalmalçılıqla məşğul olmayıb, həmin narkotik vasitələrin Azərbaycana gətirilməsini təşkil etməyib: "Sərhəddən narkotik keçirilməsində iştirak etməmişəm. Bundan əlavə, birinci instansiya məhkəməsi hökmdə ilk dəfə cinayət törətməyimi, əməlimdən səmimi peşman olmağımı, yaşadığım yerdə müsbət xarakterizə olunmağımı göstərsə də, həddən artıq ağır cəza təyin edib".

Hidayət Nəzərov apelyasiya şikayətinin təmin olunmasını, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin ona verilmiş ittihamdan xaric edilməsini istəyib. O, həmçinin əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 29,234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsini, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməklə qərar qəbulunu xahiş edib.

Hidayət Nəzərovun vəkili Fazil Nəhmətov da çıxışında müdafiə etdiyi şəxsin apelyasiya şikayətinin təmin edilməsini istəyib.

Dövlət ittihamçısı Səyavuş Sadıqov apelyasiya şikayətini əsassız sayıb. O bildirib ki, Hidayət Nəzərovun əməlləri Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub və ona Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza təyin edilib.

Dövlət ittihamçısı əlavə edib ki, məhkəmə Hidayət Nəzərovun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirini kifayət qədər nəzərə alıb.

Tərəfləri dinləyən hakim heyəti Hidayət Nəzərovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul edilib. Qərara görə, Hidayət Nəzərovun cəzası 10 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər