Sumqayıt Apelyasiya Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Ehtiram Müzəffərlinin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyunun 27-də Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qobu qəsəbə sakini Etiram Müzəffərli idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə yolu keçmək istəyən Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurub. Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtiram Müzəffərli 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ehtiram Müzəffərli apelyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Ehtiram Müzəffərli apelyasiya şikayətinin müdafiə edib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Onun vəkili və daha sonra dövlət ittihamçısı çıxış edib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Hacı Zeynalov