Ali Məhkəmədə Sabunçu rayon sakini, 1967-ci il təvəllüdlü Rəfael Quliyevin barəsində verilmiş kasasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, 2013-cü il mayın 29-da axşam saat 23 radələrində Maştağa qəsəbəsində Rəfael Quliyev M.Mirəliyev küçəsi, 82 ünvanında yerləşən evə gələrək qardaşı arvadı, 1983-cü il təvəllüdlü Əzəmət Quliyevaya çoxsaylı bıçaq zərbələri vurmaqla, onu öldürüb. Aldığı zərbələrdən qadın hadisə yerində dünyasını dəyişib.
İstintaq zamanı məlum olub ki, ağır cinayət Əzəmətin üç azyaşlı övladları - Emil, Günel və Vüqarın gözləri qarşısında baş verib. İş üzrə dindirilən Rəfael Quliyev bildirib ki, 2012-ci ilin yayında o xalasıoğlu Faiqin arvadından məktub alıb, həmin məktubda göstərilib ki güya qardaşı İlqar Quliyevin arvadı Əzəmətlə onun əri arasında yaxın münasibətlər yaranıb. Öz növbəsində bundan xəbər tutan İlqar Quliyev elə həmin həyat yoldaşı Əzəməti bıçaqlasa da, sonuncu 3 saylı kliniki xəstəxanaya çatdırılıb və sağ qalıb. Cinayəti törədən İlqar isə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə cəzalandırılıb. Bundan sonra Rəfael ailələrinin “adı”nı təmizləmək naminə Əzəməti qətlə yetirmək qərarına gəlib və bunu həyata keçirib.
Daxili İşlər Nazirliyindən alınan tələbnaməyə əsasən, Rəfael Quliyev əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Quliyevin barəsində ittiham hökmü çıxarmayıb, buna isə məhkəmə gedişatında təqsirləndirilən şəxsin barəsində bir neçə dəfə kompleks məhkəmə-psixiatriya ekspertizasının təyin olunması və onun cinayəti törədərkən öz hərəkətlərini dərk etməməsi və hazırda anlaqsız olması haqda rəy verilməsi səbəb olub. Məhkəmə Rəfael Quliyevin barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsi barədə qərar elan edib. Qərarda göstərilib ki, təqsirləndirilən şəxs müalicə almaq üçün ixtisaslaşdırılmış psixiatriya stasionarına göndərilir, o sağalana qədər isə cinayət işi üzrə icraat dayandırılır.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Rəfael Quliyevin barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
Prokurorluq məhkəmə qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Hacı Zeynalov