Bu gün Xəzər Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Əsəd Ramazanov çıxış edərək Rauf Sultanovun 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra Rauf Sultanovun vəkili çıxış edib. O, bildirib ki, cinayət işinə xilatym verilməli, iş yenidən araşdırılması üçün istintaqa qaytarılmalıdır. Onun sözlərinə görə, cinayət işində olan imzalar Rauf Sultanova yox, başqa şəxsə məxsusdur.
Prosesdə hakim son söz demək üçün Rauf Sultanova söz versə də, o, çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib. Buna görə də məhkəmənin davamı sentyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan, 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.
Qeyd edək ki, Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunub. Həmin ittiham üzrə o, cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkir.
Hacı Zeynalov