Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Fer Adilin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əlirza Amanbəyli narkotik vasitələrin satışı ilə məşğul olub. O, şərti alıcıya narkotik vasitəni satan zaman əməliyyatçılar tərəfindən həbs edilib. Onun üzərinə baxış keçirərkən özü könüllü olaraq 1 büküm narkotik vasitəni təhvil verib.
Səhəri gün əməliyyatçılar Bakıxanov qəsəbəsində Bəhram Əliyevi həbs edib. Bəhram deyib ki, narkotiki Türkiyə vətəndaşı Fer Adildən alıb. Polis Fer Adili də saxlayıb. O narkotik vasitəni Hollandiyadan internet vasitəsilə aldığını etiraf edib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Fer Adil 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəhram Əliyev musiqi ifaçısı olub.
Onu da qeyd edək ki, Əlirza Amanbəyli bir müddət Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin müavini vəzifəsində çalışıb.
Hacı Zeynalov