Bakı Apelyasiya Məhkəməsində qaynını öldürməyə cəhddə ittiham olunan Namiq Hacıağayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin sentyabr ayının 3-də Maştağa qəsəbəsində baş verib. Maştağa qəsəbəsi, Subtropik Sovxozu, 20 saylı evin qarşısında 1987-ci il təvəllüdlü Namiq Hacıağayevlə qaynı, 1992-ci il təvəllüdlü Natiq İsayev arasında mübahisə yaranıb.
Mübahisə zamanı Namiq Hacıağayev Natiq İsayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Namiq Hacıağayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Hacıağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Namiq Hacıağayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov