Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əkiz bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Pərvanə Nuriyeva ona qarşı sürülən ittihama münasibət bildirməyib.
Növbəti məhkəmə iclası oktyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən zərərçəkmiş Etibar Nuriyev prosesin qapalı keçirilməsini hakimdən xahiş etmişdi. Hakimdə hazırlıq iclasının qərarını elan edəndə onun istəyini nəzərə alıb və məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, qətl hadisəsi keçən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 “a”, mənzil 39-da baş verib. Həmin gün saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın bacısı kollecdən evə qayıdıb. O, özündəki açarla qapını açıb, içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib.
O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi, rola girib. Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib.
Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da, buraxdığı bəzi səhvlər onun planını alt-üst edib.
Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içində qadın paltarı aşkar edilib.
Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü etiraf edib.
Hadisə ilə bağlı danışan Pərvanə, bacısı Günellə aralarında konflikt baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib.
Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək, onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi, evdən çıxaraq, musiqi məktəbinə yollanıb. Pərvanə Nuriyeva ilkin dindirilmə zamanı bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.
Onu da qeyd edək ki, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir. Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir
Hacı Zeynalov