28 Oktyabr 2015 13:03
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Şamaxı rayon sakini, 1981-ci il təvəllüdlü Ramidə Əliyevanın cinayət işi üzrə proses başa çatıb.

Ramidə Əliyeva 7 noyabr 2014-cü il tarixdə, saat 11 radələrində müştəri qismində Xırdalan şəhərində yerləşən, Naib Əsədullayevə məxsus “Naib” marketə gəlib. O, marketdən 35 manat 95 qəpik dəyərində hava təmizləyicisi, şokolad və şirniyyat aparıb.

Cinayət əməlini davam etdirən Ramidə növbəti dəfə noyabrın 8-də Naib Əsədullayevin mağazasına gələrək 56 manat 85 qəpik dəyərində ərzaq oğurlayıb. Noyabrın 11-də və 12-də eyni üsulla həmin mağazadan 70 manatdan çox ərzaq malları aparıb və cinayət başında yaxalanıb.

Ramidə Əliyeva Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq etmək) maddəsi ilə ittiham edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ramidə Əliyeva 4 min manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verərək Ramidə Əliyeva barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Naib Əsədullayev bildirib ki, Ramidə Əliyeva təxminən bir il ərzində davamlı olaraq onun marketindən alış-veriş edib: “Mağazanı işlətdiyim dövr ərzində stabil qazanc əldə etsəm də, son vaxtlar qazancımın azaldığını hiss etdim. Bu səbəbdən mağazaya təhlükəsizlik kameraları quraşdırdım. Təsadüfən satışda olan şokoladın sayının kompüterdəki qeydiyyat sayı ilə uyğun gəlmədiyini gördüm və kameraları yoxlamaq qərarına gəldim. Görüntülərdən aydın oldu ki, Ramidə Əliyeva son bir həftə ərzində mütəmadi olaraq mağazaya gəlib və oğurluq edib”.

Zərərçəkmişin sözlərinə görə, 2014-cü ilin noyabrın 14-də Ramidə Əliyeva növbəti dəfə alış-veriş edərək mağazanı tərk edəndə onu dayandırıb: “Ramidəni mağazaya qaytardım və əlindəki sellofan torbanı boşaltmağı xahiş etdim. Aydın oldu ki, mağazadan yenə də gizli olaraq müxtəlif növdə mallar götürüb və pulunu ödəməyib.

Sonradan Ramidə Əliyeva mənə 1000 manatdan çox məbləğdə ziyan vurduğunu etiraf etsə də, ibtidai istintaq orqanı dəyən maddi ziyanı cəmi 167 manat dəyərində hesablayıb. Təqsirləndirilən şəxsin oğurluq əməlləri uzun müddət davam etsə də, kameraların yaddaş müddəti az olduğundan həmin görüntülərin hamısını təqdim etmək mümkün olmayıb".

Zərərçəkmiş şəxs daha sonra bildirib ki, təqsirləndirilən şəxsin əməlində onun həyat yoldaşı da günahkardır: “Çünki evdən əlində pulu olmadan çıxan qadının evə qayıdanda o qədər alış-verişi hansı pulla etməsi ilə maraqlanmayıb. Əgər maraqlanıbsa, deməli, onun oğurluq etdiyini də bilib və bunu gizlədib”.

Hakim heyətinin qərarına görə, zərərçəkmiş şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Ramidə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər