18 Noyabr 2015 18:15
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovun atası Zakir Yusifovun kassasiya şikayətinə baxılıb. Teleqraf.com xəbər verir ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəməkdə təqsirli bilinir. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cinayət işi üzrə təqsirləndirilən digər 14 nəfər də müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər Apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının üzərindən həbsin götürülməsini istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün Apelyasiya instansiyasına qaytarılıb. Bu dəfə Apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə baxılıb. Hakimlər Zakir Yusifovun Apelyasiya şikayətini təmin etməyiblər. Belə nəticəyə gəliblər ki, həmin əmlakların müsadirə edilməsi ilə bağlı çıxarılan qərar ədalətlidir. Həmin əmlaklar hərrac yolu ilə satılmalı və vətəndaşlara dəymiş ziyanın ödənilməsi düzgün hesab edilib.

Amma Zakir Yusifov məhkəmənin qərarından kasasiya şikayəti verərək mülkünün müsadirə edilməməsini və Ağır Cinayətlər Məhkəməsinin mülklərin müsadirə edilməsi, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın ləğvini istəyib. Zakir Yusifovun şikayətinə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Bakı Apelyasiya Məhkəməsinin qərarını növbəti dəfə ləğv edərək, işin yenidən Apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edib...

Qeyd edək ki, məhkəmənin müvafiq qərarı ilə Zal Yusifovun müsadirə olunmuş əmlakları hərraca çıxarılıb. Artıq bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsinə bununla bağlı rəsmi məktubla müraciət olunub. Artıq Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanılıb. İndi çox maraqlıdır, nə baş verir ki, Ali Məhkəmənin hakimləri cinayətkara “yaşıl işıq” yandırır? Məhkəmə necə müəyyənləşdirir ki, 80 yaşlı ahıl pensiyaçı dəyəri milyonlarla manat olan əmlaklara sahib olur? Bəs bu əmlakları ahıl pensiyaçı hansı maliyyə hesabına alıb? Bəs o halda ahıl pensiyaçı Zakir Yusifovun oğlu Zal Yusifov ölkə vətəndaşlarından fırıldaqçılıq yolu ilə topladığı 38 milyon manatı harada gizlədib və ya nəyə xərcləyib? Axı yüzlərlə şahidlər var, hər kəsə gün kimi aydındır ki, məhkəmənin müsadirə olunub zərərçəkənlərin vəsaitinin bir hissəsinin qaytarılması üçün (qeyd edək ki, zərərçəkənlərin geri almalı olduğu vəsait 38 milyon manat olduğu halda üzərinə həbs qoyulmuş əmlakların dəyəri heç 10 milyon manat deyil) üzərinə həbs qoyduğu əmlaklar məhz Zal Yusifova məxsusdur. Belə olan halda Zakir Yusifov artıq neçənci dəfədir ki, Məhkəmələri aldatmırmı? Bunun özü CİNAYƏT deyilmi???...

Hacı Zeynalov


Müəllif: