1 Dekabr 2015 16:55
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin iyulun 26-da Xəzər rayonu Hövsan qəsəbəsi Südçülük massivində Lerik sakini, 1991-ci ildə Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olması müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başlaması ilə bağlı qərar qəbul edilib. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib.
Xəyal Şabanzadə Əyyar Ağayevi öldürmək kimi bir niyyətinin olmadığını qeyd edib: “Lənkəranda 15-20 gün olar gəlmişəm. Binədə daş karxanasında işləyirdim. Çörək puluna gəlmişdim. Binədə uşaqlarla tanışlıq yaranmışdı. Axşamlar çayxanada otururduq. Hadisə olan gün uşaqlarla oturmuşduq. Nərddən-dominodan oynayırdıq. Əyyar orda idi. Uşaqlar məni restorana çörək yeməyə dəvət etdilər. Durduq getdik. Qayıdanda Əyyar zəng elədi”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra cinayətin söyüş üstündə baş verdiyini deyib: “Ağzına gələn söyüşləri söyməyə başladı. Səbəbinin soruşdum dedi ki, sən kişi fahişəsisən uşaqları yemək yeməyə aparmırsan, məni yox. Ona ilk öncə izah etdim ki, mən heç kimi aparmamışam, məni aparıblar. Sonra isə mənimlə bu cür söyüşlə danışmamasını dedim. Telefonu qoydu yerə. Sözüm ağzımda qaldı. Bir müddət sonra yenidən zəng elədi, yenə ünvanıma təhqiredici sözlər dedi. Ona dedim ki, ağzının danışığını bilsin, məni kimlə isə səhv salmasın. Soruşdu ki, hardasan. Dedim kanalın üstündəki çayxanadayam. Həmin yerə gəldi. Uşaqlara da əvvəlcədən demişdim ki, əgər üzr istəməsə onu vuracağam. Birinci insan kimi söhbətimiz oldu. Ona məndən üzr istəməsini tələb etdim. O, isə mənə “mənə üzr istəyəcək oğlan anasının qarnından doğulmayıb” dedi. Özümdən çıxdım. Burda içkinində bir qədər təsiri vardı. Bıçağı cibimdən çıxarıb, qoluna vurmaq istəyirdim. Bu zaman o müqavimətini dəyişdi, bıçaq ürəyinə getdi. Əlim ayağım qurudu. Öldürmək kimi bir niyyətim yox idi. Uşaq Əyyarı xəstəxanaya apardı. Oradan çıxıb birbaşa Lənkərana gəldim. Ailəmlə görüşdüm. Polislər telefonuma zəng elədi. Dedilər ki, Lənkərandayıq. Gəldim özüm təslim oldum”.

Məhkəmə iclası dekabrın 8-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər