8 Dekabr 2015 18:59
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik alverində və istifadəsində təqsirli bilinən şəxslər cəzalandırıldı

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Ağdaş şəhər sakinləri Loğman Məlikov və Şahin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Loğman Məlikov 6,58 qram və 6,79 qram narkotik vasitəni 150 manata satarkən həbs edilib.

Loğman Məlikov Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Şahin Mustafayev isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə mühakimə olunub.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Loğman Məlikov 4 il, Şahin Mustafayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Loğman Məlikov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Marixuananı 100 manata satdığımı dedim”

Məhkəmədə ifadə verən Loğman Məlikov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, təxminən iki il əvvəl bir neçə dəfə qurudulmuş marixuanadan istifadə edib: “Buna görə narkotik vasitəni tanıyıram. Lakin narkotik vasitə istifadə etməyimdən heç kəsin məlumatı olmayıb. Narkotiki əvvəllər Ağdaş şəhərində tanımadığım şəxsdən almışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 9 mart 2015-ci il tarixdə təxminən saat 15-16 radələrində yaşadığı Ağdaş şəhəri, Vaqif küçəsində olan zaman yerdə sellofan torbada bir kibrit qutusu görüb: “Torbanın içərisindəki kibrit qutusunu açaraq içinə baxdım. Kibrit qutusunda narkotik vasitə marixuana vardı. Narkotiki sonra istifadə etmək məqsədilə götürdüm.

Bir qədər sonra Ağdaş şəhər sakini Şahin Mustafayevlə rastlaşdım. Söhbət zamanı Şahin “marixuana olsa çəkərdik” deyə bildirdi. Şahinə bir kibrit qutusu marixua olduğunu, əvvəlcə özüm istifadə etmək fikirində olsam da, Şahin istədiyi üçün ona satmaq istədiyimi bildirdim. Şahin marxuanın qiymətini soruşdu. 100 manata satdığımı dedim".

“Peşmanam”

Loğman Məlikov qeyd edib ki, bir kibrit qutusunda olan marixuananı 100 manata Şahinə satıb: “Martın 11-də, saat 18.00-da Ağdaş şəhəri Vaqif küçəsində dükandan ət alaraq evimə doğru gedəndə mülki geyimdə iki nəfər mənə yaxınlaşdı. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər və məni Şəki Polis Şöbəsinə dəvət etdilər. Polis əməkdaşları ilə birlikdə şöbəyə gəldim. Şöbədə qanunsuz olaraq narkotik əldə etməkdə şübhəli bilindiyimi dedilər. Bundan sonra oraya vəkil və iki nəfər hal şahidi dəvət olundu. Vəkilin və hal şahidlərinin iştirakı ilə üstümə baxış keçirildi, heç bir narkotik vasitə aşkar edilmədi. Bundan sonra polis əməkdaşları mənim, hal şahidlərinin və vəkilin iştirakı ilə idarə etdiyim "Vaz-2106" markalı avtomobilə baxış keçirdilər. Avtomobildən də heç nə çıxmadı. Tapdığım bir qutu narkotik vasitəni satdığıma görə hərəkətimdən peşmanam".

Təqsirləndirilən şəxs bildirib ki, ibtidai araşdırma dövründə iki kibrit qutusunda narkotik vasitə tapması, onlardan birini istifadə etmək üçün özündə saxlaması, polis əməkdaşları axtarış apararkən üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə tapılması ilə bağlı verdiyi ifadə düzgün deyil. O, istintaq zamanı verdiyi ifadəsinin həmin hissəsini təsdiq etməyib.

Loğman Məlikov həmçinin bildirib ki, ibtidai araşdırma zamanı ona heç bir təzyiq və təsir göstərilməyib.

“150 manata marixuana aldım”

Digər təqsirləndirilən Şahin Mustafayev bildirib ki, Loğman Məlikovu əvvəllər tanıyıb: “Onunla münasibətim yaxşı olub, aramızda heç bir düşmənçilik, şəxsi ədavətim yoxdur. Münasibətlərimiz yaxın olduğundan tez-tez görüşmüşük. Loğman Məlikov məndən mobil telefon nömrəmi istədi. Bundan bir neçə gün sonra təsadüfən görüşdük. Söhbət zamanı onun narkotik vasitədən istifadə etdiyini öyrəndim.

Martın 9-da Loğman Məlikova zəng edərək, onunla Ağdaş şəhərində görüşdük. Loğmana narkotik vasitə satdığını və istifadə etdiyini bildiyimi dedim, ondan narkotik vasitə istədim. O da narkotik tapacağına söz verdi. Həmin gün təxminən saat 15 radələrində Ağdaş rayonunda “Qaraçılar məhəlləsi” deyilən yerdə Loğmanla görüşdük. Ona 150 manat verdim, həmin pulun müqabilində özüm üçün bir kibrit qutusu narkotik vasitə olan marixuana aldım.

Narkotiki aldıqdan sonra işim olduğu üçün Ağdaş şəhərindən idarə etdiyim avtomobillə Zaqatala şəhərinə gəldim. Şəki rayonundan keçəndə, “Dörd yol” adlanan ərazidə avtomobili saxladım. Orada siqaret çəkdiyim zaman yanımda avtomobil dayandı. Avtomobildən düşən üç nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq özlərini təqdim etdilər və polis əməkdaşları olduqlarını bildirdilər.

Məni Şəki Rayon Polis Şöbəsinə dəvət etdilər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getdim. Orada narkotik vasitə əldə etməkdə şübhəli bilindiyimi dedilər. Hal şahidlərinin iştirakı ilə üstümə baxış keçirildi və Loğman Məlikovdan aldığım bir kibrit qutusu narkotik vasitə aşkar edilərək götürüldü".

Tərəfləri dinləyən hakim heyəti sonda Loğman Məlikovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər