15 Yanvar 2016 15:33
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rövşən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rövşən Bayramov 6 sentyabr 2014-cü il tarixdə, saat 23.45 radələrində idarə etdiyi “Mercedes-Benz C 200" markalı avtomobillə Gəncə şəhərindən Goranboy rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub.

O, Qazax-Bakı avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən 346-cı kilometrliyində eyni istiqamətdə hərəkətdə olan sürücü Sahib Şahverdiyevin sürdüyü “Mercedes-Benz C 200" markalı avtomobili ötmək istəyib.

Bu səbəbdən idarə etdiyi avtomobilin sürətini artıraraq Sahib Şahverdiyevin sürdüyü avtomobili ötmək istəyib. Bu zaman İsgəndər Əhmədovun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşub, sonra isə idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə ötmək istədiyi həmin “Mercedes Benz C 200" markalı avtomobilin arxa sol tərəfinə dəyib.

“Hyundai Sonata” markalı avtomobilin sürücüsü İsgəndər Əhmədov, həmin avtomobildə olan sərnişin Gülnar Musayeva ölüblər, avtomobildə olan digər sərnişinlər - Ramil Qurbanov, “Mercedes-Benz C 200" markalı avtomobildə olan sərnişin Emin Vəliyev, Kimya Əfəndiyeva xəsarət alıblar.

Baş verən qəza zamanı Sahib Şahverdiyevə məxsus “Mercedes-Benz C 200" markalı avtomobilə 9,500 manat, Ramin Qurbanova məxsus ”Hyundai Sonata" markalı avtomobilə isə 20.000 manat məbləğində maddi zərər vurulub.

Rövşən Bayramov Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Bayramov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hölmdən narazı qalan Rövşən Bayramov apelyasiya şikayəti verib. Onun şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Rövşən Bayramov bildirib ki, yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib: “Birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmadan, işdə olan yüngülləşdirici hallara qiymət vermədən mənə yüksək həddə azadlıqdan məhrumetmə cəzası təyin edib. Törədilmiş cinayət hadisəsində günahımı etiraf edərək əməlimdən səmimi peşman olmağımı bildirmişəm. Himayəmdə azyaşlı bacım və xəstə anam var, yaşayış yerim üzrə müsbət xarakterizə olunuram, ailədə yeganə qəzanc gətirən şəxsəm. Odur ki, işin hallarının yenidən araşdırılaraq mənə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş edirəm”.

Apelyasiya şikayətinə cinayət işi üzrə adı keçən zərərçəkmişlər etiraz veriblər. Onlar apelyasiya şikayətinin təmin edilməməsini istəyiblər. Hakim kollegiyası sonda apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: