Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirovun bəraət alması ilə bağlı apelyasiya şikayəti üzrə ilkin dinləmə olub.
Prosesdə Rauf Mirqədirovun anket məlumatları dəqiqləşdilib və daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən olunub. Daha sonra vəkil Fuad Ağayev Rauf Mirqədirov barədə açılmış cinayət işinə xitam verilməsi, haqqına seçilmiş həbs-qətimkan ləğv edilməsi və cinayət işindəki yolverilməz sübutlar çıxarılması ilə bağlı vəsatətlər verib.
Hakim kollegiyası müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib və məhkəmə baxışını martın 3-ə təyin edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov