Oğru tələsdiyindən öz torbasını mağazada qoyub qaçıb.
Lənkəran şəhərindəki mərkəzi bazarda dəftərxana ləvazimatlarının topdansatışı ilə məşğul olan mağazadan 7000 manatdan çox pul oğurlanıb.
Region TV xəbər verir ki, mağaza sahibi Ramin Babayev hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran rayon Polis Şöbəsinə məlumat verib.
Zərərçəkən bildirib ki, günorta saatlarında mağazanı bağlamaq məqsədilə çölə çıxıb.
Rəflərdəki kitabları yığışdırarkən, onun diqqətsizliyindən istifadə edən naməlum şəxs içəri daxil olaraq gödəkcəsinin çibindən pulları götürüb.
Oğru tələsdiyindən əlindəki bağlamanı yaddan çıxararaq mağazada qoyub.
Ramin Babayevin sözlərinə görə, oğurlanan pullar mağaza üçün aldığı dəftərxana ləvazimatlarının ödənişi olub.
O, cibindəki 48 ədəd 100 manatlıq, 46 ədəd 50 manatlıq əsginasın yoxa çıxdığını biləndən sonra ətrafdakı müşahidə kameralarını yoxlayıb.
Oğurluq edən şəxsin yaddan çıxararaq mağazada qoyduğu bağlama ilə təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.
Maddi sübut kimi həmin sellofan bağlama da rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri aparılır.