Bakıda həyat yoldaşını öldürməkdə təqsirli bilinən jurnalist Elçin Əsədullayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməyib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini 29 yaşlı Elçin qətl hadisəsindən 8 il əvvəl ayrıldığı həyat yoldaşı 28 yaşlı Lətafət Məmmədovanı qətlə yetirib.
İttihama görə, hadisə 2012-ci ilin sentyabrın 17-də Murtuza Muxtarova küçəsi 164-də baş verib. Küçədə keçmiş arvadına yaxınlaşan E.Əsədullayev Lətafət Məmmədovaya 6 bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.
Yasamal Rayon 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Əsədullayevin yeri müəyyən edilərək saxlanılıb. Elçin Əsədullayevin Lətafətlə birgə nigahlarından bir uşaqları olub.
İfadə verən Elçin Əsədullayev hadisəni qısqanclıq zəminində törətdiyimi, yəni keçmiş arvadının başqa kişilərdən görüşməsində şübhələndiyi üçün öldürdüyünü bildirib. Elçin Əsədullayev mətbuat orqanlarının birində jurnalist olub. Qətlə yetirilən Lətafət Məmmədova Maliyyə Nazirliyinin işçisi olub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü ildə çıxardığı hökmə görə, Elçin Əsədullayev məhkum edilib. Ciddi rejimli cəza alan Elçin Əsədullayev Binəqədi rayonunda yerləşən 11 saylı cəza çəkmə müəssisəsinə göndərilib.
4 il həbsxana həyatı yaşayan Elçin Əsədullayev vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. O, ərizəsində bildirib ki, barəsində psixiatriya ekspertizası təyin edilməsi və cəza çəkməkdən vaxtından əvvəl azad edilməsini istəyib. Məhkəmə onun ərizəsini təmin etməyib.
Bundan sonra Elçin Əsədullayev apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır. İş üzrə ilkin baxış iclası keçirilib və məhkəmə baxışı martın 9-na təyin edilib.
Hacı Zeynalov