Azərbaycanda qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarov məhkəmə hökmündən apelyasiya şikayəti veriblər.
Teleqraf.com xəbər verir ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib.
Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər.
Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar. Şakir Orucov və Röyal Əhmədov imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar.
Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər. Şakir Orucov və Röyal Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.
2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şakir Orucov ömürlük, Röyal Əhmədov 20 il, digər şəxslərin hər biri isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şakir Orucov barəsində təyin edilmiş ömürlük cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib. Digər təqsirləndirilən şəxslər isə cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Onların apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, apelyasiya şikayəti araşdırılması üçün hakim Həsən Əhmədovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası martın 29-na təyin edilib.
Hacı Zeynalov