21 Aprel 2016 10:59
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonunda silahlı insident törətməkdə təqsirli bilinən Sənan Dünyamalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyunun 6-da xuliqanlıq zəminində Bakı şəhər sakini Sənan Dünyamalıyev “Kral” şadlıq sarayının binasında olan zaman özündəki “Shurshill” markalı ov tüfəngindən atəş aşıb. Hadisə zamanı şadlıq sarayının pəncərə şüşələri sınıb. İstintaq-əməliyyat qrupu əraziyə baxış keçirərkən oradan iki giliz götürüb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb.

Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından “Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla iki xəsarət yetirilib.

Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi “Shurshill” markalı ov tüfəngini təhvil verib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Dünyamalıyev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sənan Dünyamalıyevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Sənan Dünyamalıyev universal döyüş üzrə dünya çempionu olub. O, 2010-cu ildə tanışı Cavid Ağalarovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

İttihama görə, 2008-ci ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərən disko-barlardan birində istirahət edən Sənan Dünyamalıyev və Cavid Ağalarovun tanımadıqları 6 nəfər yerli sakinlə davaları düşüb.

Nəticədə həmin şəxslərdən birinə bıçaq zərbəsi ilə xəsarət yetirilib. Onlar Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Həmin cinayət işini araşdıran hakimlər Sənan Dünyamalıyev və Cavid Ağalarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2 və 29, 120.2.7-ci maddələrini sübuta yetirə bilməyiblər. Bu səbəbdən onların üzərində həmin maddələr üzrə ittiham götürülüb.

Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslərin hər birinə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.


“İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər