27 Aprel 2016 20:50
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda son günlər kriminal aləmin üzvlərinə qarşı keçirilən əməliyyatlar davam edir. Musavat.com xəbər verir ki, belə əməliyyatlardan biri də Sahil qəsəbəsində keçirilib.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarınn keçirdiyi əməliyyat zamanı kriminal aləmdə “Yapon” kimi tanınan kriminal avtoritet saxlanılıb. Hüquq-mühafizə orqanlarında 1977-ci il təvəllüdlü Məmmədov Rəşad Telman oğlunun kriminal “razborka”larda iştirak etdiyi, Azərbaycanda və ölkədən xaricdə yaşayan və cinayətkar aləmdə məşhur olan azərbaycanlı kriminal avtoritetlərlə sıx əlaqədə olması barədə məlumatlar olub. Onun 39 yaşı olsa da, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beş dəfə məhkumluq həyatı yaşayıb.

Rəşad Məmmədov saxlanılarkən üzərində heroin də aşkarlanıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, istintaq aparılır.

Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl də keçirilmişdi. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov, 1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.

K. Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz “Naqan” tipli tapança və 4 ədəd güllə, N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N. Həşimovun üzərindən heroin, O. İbrahimovdan isə qurudulmuş marixuana, M. Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Musavat.com


Müəllif:

Oxşar xəbərlər