Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 77 yaşlı Qəzənfər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Dəmiryol QSC-nin 4 saylı enerji təchizat stansiyasında işləyən 47 yaşlı Kifayət Əhmədova iş yerində dayısı, 77 yaşlı Qəzənfər İsgəndərov tərəfindən bıçaqlanıb.
Ağır bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, vəfat edib. Hadisəni törədən Qəzənfər İsgəndərov həbs edilib. Hadisə qisqanclıq zəminində baş verib.
Qəzənfər İsgəndərov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə Qəzənfər İsgəndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov