Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, mayın 10-da Sabunçu rayonunda yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.
Aparılmış araşdırmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 000 manat pul tələb edib. Özünü İŞİD üzvü kimi təqdim edən şəxs polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub. Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Hacı Zeynalov