18 May 11:06
655

“Bizim xarici siyasətimiz dəyişməyəcək. Etiraz aksiyalarında da bircə dəfə belə olsun, geosiyasi çağırışlar səsləndirilməmişdi”. Bura N.Paşinyanın Dağlıq Qarabağ problemilə, Azərbaycanla bağlı söylədiyi bəyanatları da əlavə etsək, dərhal suallar yaranar: Ermənistan bundan sonra da Rusiyanın nökəri kimi qalacaqsa, onda bu inqilabın nə mənası vardı? Dağlıq Qarabağ problemilə bağlı Köçəryan-Sərkisyan siyasəti davam edəcəksə, İrəvan regional siyasətini dəyişərək qonşularına qarşı ərazi iddialarından əl çəkməyəcəksə, onda bu inqilabın nə mənası vardı? Bəlkə bu, inqilab yox, adicə hakimiyyət dəyişikliyidi?..

Bəli, beləcə sualları davam etdirmək olar. Amma, qoy, Ermənistanla bağlı sualları ermənilər özləri versin. Bizisə onlar yalnız bir konteksdə düşündürür: bundan sonra Ermənistana qarşı hansı siyasəti yürütməli?

Hələlik aydın olanı budur ki, deyəsən, bu vaxta qədər qüvvədə olan siyasi kursa elə bir dəyişiklik etməyə ehtiyac olmayacaq. Doğrusu, İrəvanda hakimiyyət dəyişikliyi müəyyən ümidlər yaratmışdı – axı adi hakimiyyət dəyişikliyi zamanı da siyasətdə nəsə dəyişir, çünki adamlar dəyişir və onlar da siyasətə öz yanaşmalarını gətirirlər...

Amma deyəsən, belə ümidlərə qapılmağa dəyməyəcək: Paşinyan bir yana, erməni auditoriyası təəssüf ki, Azərbaycanla, Dağlıq Qarabağla bağlı sərt bəyanatlar eşitmək istəyir. Xüsusən də Qarabağ klanı Dağlıq Qarabağda necə vardısa, elə də qalıbdır, Paşinyan hətta istəsə də, onları digərlərilə əvəz etmək gücündə deyil.

Erməni inqilabının geosiyasi təmayülü də az mübahisə doğurmur və demək olar ki, intensiv şəkildə diskussiya olunur. Yazının əvvəlindəki ilk iki cümlə prinsipcə, bu suallara aydınlıq gətirə bilərdi – di gəl, N.Paşinyanın bəyanatları hələ ki Kremli tam qane etmir. Rusiyanın ən müxtəlif siyasi dairələri Ermənistanda ABŞ-ın və ya Qərbin təsirinin artacağından danışırlar.

Belə gümanlar nə qədər əsaslıdır? Hər şey ola bilər. Ermənistandakı ABŞ səfiri Paşinyan hökumətilə ölkəsinin əməkdaşlığa hazır olduğunu bəyan edən ilk ünvanlardan oldu. Hazırda ABŞ Rusiyanı bir az da sıxmaq üçün daha yeni imkanlar arayır və bunun da biri Ermənistan ola bilər. Burada bir məsələ də var. ABŞ Gürcüstanda xeyli güclənib, ruslar hətta kiçik ölkəni ABŞ-ın əyaləti adlandırırlar.

Amma ABŞ-ın başqa hədəfləri də ola bilər. Ona İranın, Türkiyənin və hətta Azərbaycanın yaxınlığında əlavə təzyiq “rıçaq”ı lazımdır. İran bəlli məsələdir, burada izafi şərhə eytiyac yoxdur. Vaşinqtona, axır vaxtlar heç sözə baxmayan və ayağını tez-tez cızıqdan kənara qoyan Ankaranı, eləcə də ABŞ və Avropadan təmkinli məsafə saxlayan Bakını da sıxmaq üçün “rıçaq” lazımdır və Ermənistan bununçün heç də pis variant deyildir.

Gürcüstan təbii, bu missiyaya yaramır, çünki onun Bakı və Ankara ilə yaxşı münasibətləri və sıx əməkdaşlığı var. Ermənistan isə tamam başqa məsələdir - o, özünün sərsəm planları üçün daha bir dəstək almaqdan ötrü lap əldən –ayaqdan gedir.

Sözsüz ki, bunlar hələ mülahizələrdir. Mayın 14-də N.Paşinyanın V.Putinlə görüşü baş tutdu. Bu ilk görüş idi və Paşinyanın böyük siyasət müstəvisində özünü necə apardığını aydınlaşdıran detal idi.

Paşinyan yeni siyasətçi kimi ölkəsinin köhnə müttəfiqini inandırmaq üçün nə qədər vəd vermək lazım idisə, hamısını verdi – İrəvanın bu vaxta qədərki müqavilələrə və ittifaqa sadiq qalacağını bildirdi. Amma artıq rusların yuxusuna haram qatan başqa detallar da var. Paşinyan özünə iqtisadiyyat sahəsində məsləhətçi kimi erməni əsilli və Türkiyədə doğulmuş amerikalı iqtisadçı D.Əcəmoğlunu dəvət etmək istədiyini bildiribdir. Bir neçə gün əvvəl isə Ermənistanın NATO-dakı keçmiş təmsilçisini müdafiə naziri təyin etdi. Düzdür, Rusiyanın Ermənistanın siyasi kursunu tənzimləmək üçün hələ xeyli imkanları var. Bunlardan ən birincisi də Qarabağ problemidir. Qarabağ “tilov”dur və ilk bəyanatları göstərir ki, Paşinyan da həmin “tilov”a həvəslə gəlir...

Bura onu da əlavə etmək lazımdır ki, N.Paşinyanın öz siyasi ətrafı yoxdur. Xüsusən də Dağlıq Qarabağ klanı Qarabağda mövqelərini saxlayır və kimsə üçün sirr deyil ki, nə Bako Saakyan, nə də digərləri Paşinyanın adamları deyil. Bunlar da Rusiya üçün əlavə imkan və təzyiq vasitəsidir. Paşinyan ağılsız adama oxşamır, amma L.Ter-Petrosyandan ağıllı olmayacaq – onu isə məhz həmin Qarabağ klanı hakimiyyətdən devirmişdi. Hiss olunur ki, Paşinyan bunları anlayır və gözəl dərk edir ki, Qarabağda onun heç bir dayağı yoxdur, məhz həmin dayağı yaratmaq üçün də dərhal Qarabağa yollandı.

Ən düşündürücüsü isə bilirsiniz, nədir? Ermənistanda da, Dağlıq Qarbağda da əksər ermənilər belə düşünürlər ki, Köçəryan və Sarkisyan lənglik edir, problemin həllində qətiyyət və cəsarət göstərmirdilər. Onlar hələ də düşünür ki, guya problemin daha “sürətli həll”i var! Ona görə də əvvəllər də erməni müxalifəti mitinqlər keçirərkən deyirdik ki, onların da şüarlarına diqqət edin.

Amma təlaşlanmağa da ehtiyac yoxdur. Sadəcə, hər an hərbə hazır olmalıyıq. Bunu Paşinyanın axmaq bəyanatları da diqtə edir, eləcə də Kremlin və Dağlıq Qarabağ klanının gələcəkdə törədə biləcəyi mümkün təxribatlar da. Əsas odur ki, məsəl var, deyərlər ki, sirkə tünd olub yalnız qabını sındıracaq. Paşinyan Dağlıq Qarabağla bağlı siyasətdə dəyişiklik etməsə, Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymasa, onda Ermənistanın sosial-iqtisadi vəziyyəti bir az da ağırlaşacaq, - bunu isə ona nə rəqibləri, nə də bu gün ona əl çalanlar bağışlamayacaq...


Müəllif: Hüseynbala Səlimov
Загрузка...