4 Fevral 2019 22:58
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya mətbuatında bir neçə ildir baş verən hadisə Azərbaycanda da mütəmadi müzakirə edilir: Qəzet erası bitdimi?
Ötən günlərdə bəzi qəzetlərə dövlət dəstəyinin kəsilməsindən sonra bu məsələ yenidən gündəmə gəldi. Haqlı olaraq bildirildi ki, əgər bir qəzet yüksək tirajla çıxmırsa, oxunmursa, həm yazıları, həm də materialı keyfiyyətsizdirsə, niyə o qəzetlərə maliyyə ayrılmalıdır?
Qəzetlərə dövlətin dəstəyi olmalıdırmı məsələsi ayrı mövzudur, bizə görə bu doğru deyil. Dövlət mətbuatın azad fəaliyyət göstərməsi, jurnalistlərin hüquqlarının qorunması baxımından öz rıçaqlarından istifadə edə bilər. Amma Azərbaycan kimi ölkələrdə medianın dövlət maliyyəsindən asılı olduğu gerçəkliyini də nəzərə alıb belə bir dəstəyin olmasına müsbət yanaşmaq lazımdır. Amma media bütün hallarda öz-özünü maliyyələşdirmə mexanizmləri əsasında fəaliyyət göstərməlidir.
Arxivlərdə çalışan biri kimi çap media mənim üçün əvəzedilməz mənbədir. Ötən yay Türkiyədən elmi işi ilə bağlı Bakıya gərən bir dostum milli kitabxanada çalışaraq xeyli material topladı. Azərbaycan mətbuatında dil məsələlərini araşdıran dostumuz bununla bağlı 1991-2003-cü illərdə çap olunan həm rəsmi, həm də müstəqil qəzetlərdən xeyli material topladı. Həmin dövrün qəzetlərini nəzərdən keçirdikcə həm də ölkəmizin 10 illik bir dönəmini öyrənmiş oluruq.
Qəzet elmi işlər üçün mənbədir, tarixdir.
Mən özüm hazırda İstanbulda 50-70 il öncənin qəzetlərini tədqiq etdiyim üçün orada Azərbaycana aid nə qədər material əldə etmişəm ki, bunların heç biri ölkəmizin arxivlərində yoxdur.
Bunları xatırlatmaqda məqsədim odur ki, 50 il sonra bu günümüzü öyrənmək istəyənlər, təəssüf ki, onlayn medianın arxivini əldə edə bilməyəcəklər. İnkişaf etmiş ölkələrdə bu, hansısa şəkildə mümkün olacaq, amma Azərbaycan təcrübəsi göstərir ki, 10-15 illik keçmişi olan bir portal bağlandığı zaman bütün arxivi də yoxa çıxmış olur.
Mənə görə qəzet erası bitməyib, köhnə tip qəzet erası bitib. Çünki İstanbulda çap olunan qəzetlərin keyfiyyətinə baxdığımız zaman niyə oxunaqlı olduğunu görürük.
Azərbaycanda qəzetlərin vərəqləri çox ucuz kağızda çap olunur. Dünya artıq neçə 10 illiklərdir ki, rəngli qəzetə keçsə də, Azərbaycanda hələ də mətbəə qoxulu qəzetlər çap olunur. Bir çox hallarda qəzetdə dərc olunan şəkillərin kimə aid olduğunu da başa düşmək olmur. Qəzetlər kiçik ölçüdə və az səhifədə çap olunduğu üçün yetərli material da olmur. Üstəlik qəzetlər sosial şəbəkədəki yazılar, məqalələr, müsahibələr üzərində qurulduğu üçün oxucuya maraqlı deyil.
Beləliklə, mənim fikrimcə:
1. Qəzetlər mütləq şəkildə rəngli və yüksək keyfiyyətli kağızda çap olunmalıdır.
2. Qəzetlərin onlayn versiyası ilə çap versiyası bir-birindən kəskin fərqlənməlidir. Əgər onlayn versiyada gündəlik xəbərlər verilirsə, köşə yazıları, araşdırma məqalələr, müsahibələr, reportajlar çap versiyada verilməlidir. Çünki bu tip yazıları çap versiyada oxumaq daha rahatdır. Nəzərə alaq ki, indi xəbər portallarına daha çox telefon vasitəsilə daxil olunur, ona görə də oxucu kiçik xəbərləri oxumağa, videolar izləməyə maraqlı olacaq.
3. Qəzetlər daha çox həftəlik olmalıdır. Praktikadan görürük ki, “Ədəbiyyat”, “Kaspi”, “525-ci” kimi qəzetlərin şənbə buraxılışları daha çox maraq doğurur. Ona görə də daha yaxşı olar ki, bəzi qəzetlər ancaq həftəlik və 50 səhifə civarında çap olunsun.
4. Qəzetlərlə yanaşı aylıq jurnalların da inkişafına dəstək olunsun, müxtəlif mövzularda jurnalların çap edilməsinə şərait yaradılsın.

Müəllif: Dilqəm Əhməd