8 Sentyabr 2014 16:36
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Avropa qeydlərim)


Sözümü qəribçiliyə salma dostum...


Yazıma əksəriyyətimizin uşaqkən böyük zövqlə izlədiyi “Çalıquşu” filmindən tanış sitatla başlamağımda sözümün canı var.


Doğru anladınız, Avropadan yazacağam. Ancaq keçmiş zamanlarda bizim üçün əlçatmaz olan Avropa artıq həmin Avropa deyil, istədiyin an “Əhməd hardadır?” filmində Şirin ataya deyildiyi kimi “minib gedə” – yəni uçub gedə biləcəyin bir neçə saatlıq məsafədədir.


Amma bu yazını yazmağa səbəb bir neçə gün öncə çox sevdiyim bir dostumla aramızda olan və məni çox təəssüfləndirən bir mübahisə oldu. Mən Avropa haqqında danışmağa başlayınca dostum əsəbi halda sözlərimə öz münasibətini bildirdi...


“Axı sən, Gülnar, Avropanı necə tərifləyə bilərsən? Oradakı üzdə olan intim həyatı, sosial azlıqları (mavi və lezbiyanlar) tərbiyəsizliyi, valideynləri tanımayanları və s. görmədinmi? Bunları görə -görə uşaqlara Avropanı necə tərifləyirsən?” deyə sözümü dinləmədən məni danlamağa başladı.


Qeyd edim ki, dostum bir dəfə də olsun Avropada olmamış və buna rəğmən eşitdikləri və filmlərdən izlədikləri əsasında məni yarğılama haqqını özünə rəva gördü. Mən dostuma, həm də cəmiyyətimizdə yaşayan belə “dostlar”a xitab edən münasibətimi sizlərlə paylaşmaq qərarına gəldim.


Bütün Avropanı gəzməsəm də, bir-neçə ölkəsində olduğum və İsveçdə altı ay yaşadığım üçün gördüklərim əsasında dostuma cavab olaraq bunları sadalamaq içimdən keçdi...


İçveçdə olduğum müddətdə mənə ən çox zövq verən bir deviz oldu- “Mənim vətəndaşım- Mənim ölkəm”. Bu ikili qarşılıqlı sahiblənmə o qədər mükəmməl şəkildə qurulub ki, sxemi axtarıb belə tapmağı düşünmürsən. Sanki yaradılışdan bu ölkənin suyu ilə qanı belə yoğrulub. Vətənində azad, rahat və qayğısız yaşayan insanlar və insanlarını himayə edən dövlət. İsveçin bir sıra şəhərlərində oldum. Kiçik qəsəbə- şəhər olan Borasda qaldığım zaman meşə ətrafındakı evlərdən birinin sakininin hərəkəti diqqətimi çəkdi. Həmin insan evinin ətrafındakı meşədə odun və çırpı olduğu halda mağazadan odun alırdı. Həyətində meyvə və inəyi olduğu halda mağazadan meyvə və süd alırdı. İlk görünüşdə bu mənə ağılsızlıq kimi gəlir, gördüklərimə ürəyimdə gülürdüm. Bir müddət keçdikdən sonra onlarla ünsiyyət qurduqca sakinlərin bu addımı mənə “çatmağa” başladı. Bəli məhz çatmağa başladı, çünki hələ tam çatmadı... Onların şüurunda dövlətə məxsus heç bir çöpü belə iznsiz alıb işlətmək, harcamaq (türklər demiş) olmaz. Dövlətə güvənləri sonsuzdur. Öz səhhətlərini, evlərini, həyatlarını, varlıqlarını övladlarını və.s. bütünlüklə hər şeylərini gözüyumulu dövlətə etibar edirlər. Sosial həyatın dövlət təminatı çox gözəl təşkil olunub o dövlətdə, anlatmaqla bitməz. Mən deyəndə ki, sənin həyətində meyvən var, niyə dərib onu yemirsən? İnəyin var, südünü istifadə etmirsən? O da təəccüblə mənə qayıtdı ki, mən axı bilmirəm mənim həyətimdə meyvə səhhətimə zərərlidir, ya yox? Onu yoxlamaq lazımdır. Mən inəyimin südünün keyfiyyətini də bilmirəm, onu ətlik saxlayıram, sonra dövlətə ət üçün verirəm. Amma mağazalarda olan qidalara əminəm, bilirəm ki, onlar zərərsizdir. Niyə sağlığımızı təhlükəyə ataq ki?. Mən sualının qarşısında özümüzdən anlada bilmədim, yadıma özümüz düşsək də...Və onda anlayırsan ki, güvənmək o qədər gözəl və mükəmməl bir duyğudur ki, onu nəyləsə əvəz etmək çətin ki, olsun. Məhz bu dövlətdə vətəndaş və dövlətin qarşılıqlı güvəni mənə hər addımda, hər yerdə izlədiyim qədəri ilə zövq verirdi. Elə şeylər var ki, onu yaşamayınca, olduğu kimi görməyincə insana çatmaz. Buna görə mənim özümə də onların dediyi tam çatmırdı...


Orada yaşadığımız müddətdə mənim uşaqlarım da məktəbə getdilər. Və həmin bir neçə ay müddətində mən həmin sözlərin mahiyyətini anladım. Əgər uşaq məktəbə yarım saat və ya bir-neçə dəqiqə belə gecikirsə, uşağın təhlükəsizliyi baxımından mütləq müəllimlərin xəbəri olmalıdır. Təhsil sistemi haqqında danışmaq istəmirəm. Bir onu deyim ki, ibtidai siniflərin metodikası olduqca rahat və çox gözəl idi. Günorta yeməyi şərtidir, gün ərzində iki dəfə yağışından, qarından, soyuğundan asılı olmayaq bütün uşaqların bir saata yaxın havada əylənmələri vacibdir. Hər uşaqla fərdi məşğul olma münasibətlərində uşaq müəllim yox, iki şəxsiyyət arasında tənzimlənmə özünü göstərir. Hər uşaq kimliyindən asılı olmayaq mütləq velosiped sürməyi bacarmalı, üzgüçülüyü öyrənməlidir. Yuxarı buraxılış siniflərində üzgüçülükdən imtahan verirlər. 200 metr məsafəni münasib zamanda çatmayan uşaqlara bizim dillə desək-attestat verilmir...


Sözümün məğzı it –bat olacaq deyə çox sadalamağa getməyim. İndi Avropa dəyərlərinə istehza edən və gülən bir çox həmvətənlərimiz var. Onlara hər lağ etdikcə sadəcə demək istəyirəm ki, yüz deməkdənsə bir görmək çox zaman dada yetir. Yaxşı xatirimdədir. Tələbə olarkən müxtəlif dost yığıncaqlarında biz də avropalı gənclərə eşitdiklərimiz qədəri ilə lağ edirdik. Necə olur ki, iki nişanlı kafeyə getsin hərə öz hesabını ödəsin?


Öz haqqını ödəməyin özgürlüyün göstəricisi olduğunu indi-indi anlayırsan.
İndi-indi anlayırsan, onlardaki müstəqil həyatın mövcudluğunu.


İndi-indi anlayırsan ən gözəl hiss olan - sevgi münasibətlərinin belə heç bir asılılıq və məcburiyyət olmadan yaşanmasının mümkünlüyünü.


Və təbii ki, indinin özündə belə, bütün bunların qəbulu çoxumuzun ağlı xaricindədir. Amma deyim ki, mənə zövq verən də məhz bu asılılıqsız, təmənnasız, yalansız, riyasız və öz içlərindəki istəkləri gizlətmədən yaşamağın mövcudluğu və ayıbsızlığı idi.


İnsanların asılı olmadan yaşamaları niyə bizlərin acığına gəlir?


Bax, dostum, mən bunu anlaya bilmirəm.


Orada gördüyüm qədərilə heç kəs biri –birinin asılı vassalına çevrilmir. Bu istər ailədə, istər birgə yaşayan cütlüklərdə və digər qohumluq münasibətində də öz əksini tapır. Demək olar ki, maddi və mənəvi asılılıq söhbəti yoxdur. Buna görə də insanlarda hüzur var. Doğrudur, bu bizə robotlaşmış mexanizm kimi görünür. Amma ümümən hamı yalnız öz işini vicdanla, bəli məhz vicdanla yerinə yetirməyə çalışır.


Hasarsızlıq isə maddi və mənəvi şəkildə hər evdə və hər insanın daxılındə özünü əyanı şəkildə bəlli edir və göstərirdi.


Binaların pəncərələrindən isə izlədiyim bir şey mənə xoş təsir bağışlayırdı. Əksər şüşələrdən evlərin içərisi görünürdü. Möhkəm çalın-çarpaz pərdə və şüşələr yoxdur. Təntənəli və dəbdəbəli geyinmiş insanları olmadığı kimi evləri və yaşamları da çox rahat və hüzurverici görünüşdə idi. İçəridə isə çox zaman əlində kitab divana söykənmiş insanları izləməkdən zövq alırdım. Çoxunun qonaq otaqında və ya bilmirəm eləcə görünən otaqlarında kitab rəfləri gözümə xoş görünürdü...


Yaşıllıq və güllük hər yerdə, şəhərindən, qəsəbəsindən tutmuş evlərin içərisinə qədər insana inanılmaz hüzur verir.. Əksər evlərdə qapıdan asılmış balaca gül çələngi, elə qapıdaca əhvalını müsbətə kökləyir. Bunlar istər - istəməz şüura təsir edir. Mexaniki görüntülərə diqqət etdikdə aydın görürsən ki, hər şey insana xitabən, rahatlığa və təbiiliyə ünvanlı şəkildə qurulur və insanlar da belə yaşamağa çalışırlar.


Hasarsızlığı isə gələn səfər anladaram...


Səni indi çox yormayım, dostum...


Müəllif: Gülnar Məsimli