İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələri şəhid verib. Müdafiə nazirliyinin təsdiqlədiyi məlumata görə, Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. May ayının 30-da isə Azərbaycan zabiti, tabor komandiri Aqil Ömərov Ağdam istiqamətindən snayperlə vurularaq həlak olmuşdu.
Aznews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı hesab edir ki, son günlər təmas xəttində ermənilərin atəşkəsi sistemli şəkildə pozması ilk növbədə diplomatik danışıqlardan öncə gerçəkləşdirdikləri ənənəvi təxribatdır:
“Əgər diqqət etdinizsə, mayor Aqil Ömərov ATƏT Minsk Qrupunun regiona səfəri ərəfəsində vurulmuşdu, Elşən Xəlilov isə xarici işlər nazirlərinin görüşü ərfəsində. Bu da onun açıq göstəricisidir ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmur və tutmaq istəmir”.
Taleh Şahsuvarlının fikrincə, qoşunların təmas xəttində ermənilərin gərginliyi artırması üçün əmrin kimdən gəldiyi də önəmlidir:
“Əgər, bu göstərişin arxasında Paşinyan özü dayanırsa, deməli, erməni cəmiyyətini qanla ovutmağa çalışır. Üstəlik, Azərbaycanın hərbi əməliyyatlara başlamasının onun hakimiyyətinə qarşı daxildəki həmlələri səngidəcəyini düşünür. Ancaq xatırlayırsınızsa, Sankt Peterburqda Paşinyan bildirdi ki, o, təmas xəttində gərginliyin artması ilə nəticələnəcək göstərişlər verməyib. Müdafiə naziri isə ondan fərqli bəyanat verdi, bildirdi ki, Azərbaycan hərbiçilərinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Bəli, Paşinyan orduya nəzarət edə bilmir, Dağlıq Qarabağdakı erməni komandirləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etmək istəyirlər. Həminkomandirlər öz güclərinə də, Azərbaycan ordusunun gücünə də yaxşı bələd olduqlarından əmindirlər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bizim silahlı qüvvələrimiz ilk gecədə bir neçə rayonu işğaldan azad edəcək. Bu isə, Paşinyanın ertəsi gün hakimiyyətdən silahla qovulması deməkdir”.
Bəs, Azərbaycanın cavab addımları necə olmalıdır? Siyasi icmalçının fikrincə, Azərbaycanın düşmənə layiqli cavab verəcəyinə şübhə etmir. İri miqyaslı hərbi əməliyyatlara gəlincə isə:
“Azərbaycan məqamı doğru seçməlidir. Elə seçməlidir ki, hərbi əməliyyatlar Paşinyana qarşı daxili hücumları səngitməsin, onun hakimiyyətini möhkəmləndirməsin, eyni zamanda, Qarabağ klanını Ermənistanda hakimiyyətə yox, Qarabağı Azərbaycana qaytarsın”.