15 Sentyabr 2019 13:10
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz İslam Ordusunun Bakını ingilis, rus və ermənilərdən azad etməsindən 101 il ötür. Ötən il bu hadisə paytaxtımızda təntənəli şəkildə qeyd olundu. 15 sentyabr hadisəsi Azərbaycan Cümhuriyyəti üçün ikinci 28 may tarixi olduğu üçün Cümhuriyyət xadimləri sonralar da dəfələrlə bu mühüm gün haqqında yazıblar. Xatirələrində 15 sentyabr qələbəsinə toxunan siyasi xadimlərdən biri də maliyyə nazirimiz Əbdüləli bəy Əmircandır.

Əbdüləli bəyin xatirələrində diqqətimi çəkən maraqlı bir qeyd var. Belə ki, Bakı azad olunduqdan sonra Osmanlının müttəfiqi Almaniya qələbədə onların da payının olduğunu iddia edərək Nuru paşanın Bakıya komendant təyin etdiyi Nazim bəyə tələb irəli sürürlər: “Bu əsnada alman qərargah polkovnikləri çox qəribə təkliflə çıxış etdilər. Onlar Bakıda Qız qalasının başında dalğalanan türk bayrağının yanında alman bayrağının da sancılmasını istəyirdilər. Fəqət türk ordusunun, türk əsgərinin həyatı bahasına qazandıqları bir zəfər ortaq çıxmaq istəyən alman polkovniklərinin arzuları rədd edildi. Alman zabitləri bu zəfərdə haqları olduğunu israrla iddia etdikləri zaman fövqəladə hal komandanı olan qəhrəman Nazim bəy onları hüzurundan qovmuşdu”.

Almanların bu qəribə arzusunu rədd edən Nazim bəy, təəssüf ki, tariximizdə unudulmuş şəxsiyyətlərdəndir.
Mehmed Nazim bəy 1886-cı ildə Kayserinin Güllükbaşı məhəlləsində doğulub. Atası Camal bəy Gümüşhanədə Poçt-Teleqraf müdiri olub, Nazim bəy də ilk təhsilini burada alıb. Ardınca Beşiktaş əsgəri rüşdiyyəsini, Çəngəlköy əsgəri edadiyyəsini bitirib, 14 yanvar 1904-cü ildə Hərbi məktəbə yazılıb. 20 sentyabr 1907-ci ildə leytenant rütbəsi ilə bu məktəbdən məzun olub. Ardınca Hərb Akademiyasına daxil olan Nazim bəy 13 avqust 1910-cu ildə buranı üçüncülüklə bitirib. 13 fevral 1911-ci ildə könüllü olaraq Yəmən cəbhəsinə yollanıb, 3 il orada xidmət etdikdən sonra vəzifəsinə Rumıniyada davam edib.

Rumıniyada böyük hərbi şücaətlər göstərən Nazim bəy müttəfiq Osmanlı və Almaniya dövlətlərinin medalları və nişanları ilə təltif edilib, minbaşı rütbəsinə yüksəldilib. Ardınca 1916-cı ildə Makedoniya cəbhəsinə göndərilən Nazim bəy, burada da uğur qazanıb, hərbi medallara layiq görülüb.

Makedoniyadan İstanbula qayıtdıqdan sonra isə ona daha bir tarixi vəzifə tapşırılıb: Bakını erməni, rus və ingilislərdən azad etmək. Nazim bəy Qafqaz İslam Ordusunun qərargah rəisi təyin edilib.
Beləliklə, o, əvvəlcə Gəncəyə, daha sonra Bakıya gəlib.

Osmanlı dövləti Mudros müqaviləsini (30 oktyabr 1918) imzaladıqdan sonra Qafqaz İslam Ordusu və onun komandanları Qafqazı tərk etməli olub. Nazim bəy bu dəfə Mustafa Kamal paşanın başlatdığı milli mücadiləyə qoşulmaq məqsədilə Anadoluya gedib. O, Anadoluda yunanlara qarşı mücadilə aparıb, xilafət tərəfdarlarının qaldırdığı üsyanların yatırılmasında rəşadət göstərib. I və II İnönü savaşlarında iştirak edən Nazim bəy 15 iyul 1921-ci ildə yunanlarla döyüşdə şəhid olub.


Müəllif: Dilqəm Əhməd