Bir ilə yaxındır ki, İctimai TV yayım siyasətində müsbət dəyişikliklər edib. Biz artıq TV-də indiyədək ancaq sosial şəbəkələr vasitəsilə ictimai-siyasi fəaliyyətindən xəbərdar olduğumuz şəxsləri görür, onların düşüncələrini, fikirlərini eşidirik. Bu şəxslərin bəziləri müxalif yönümlü, bəziləri müstəqil ekspertlər, siyasi fəallar, yazıçı və şairlərdir. Dünənə qədər biz İTV ekranlarından Erkin Qədirlini, Şahbaz Xuduoğlunu, Bəxtiyar Hacıyevin və digərlərinin qonaq olduğu verilişləri görmürdük. Bu, TV-lərin özünüsenzurası, yeniliyə açıq olmaması, başqa məlum və məlum olmayan səbəblərlə izah edilə bilər. Amma həqiqət odur ki, bu cür qonaqların TV-yə çağırılması ilk növbədə İTV-nin özünün reytinqinin qalxmasına səbəb olub.
Əlbəttə ki, bizim özəl kanallarla işimiz yoxdur. Hər bir kanalın təqdim etdiyi verilişlər o kanalın rəhbərliyinin və əməkdaşlarının zövqlərindən, həyata baxışından, milli maraqlara, dəyərlərə olan münasibətindən, təhsilindən və sairdən asılıdır. Hər kanal öz verilişlərinin səviyyəsinə uyğun cəmiyyətdə baxıcılar tapır, maarifləndirmə və toyxana təmsilçisi olaraq öz yolunu seçir. Amma insanlar cəmiyyətdə müsbət mənada tanınmış şəxsləri görməkdə maraqlıdır, bu, onların haqqıdır. Buna görə də İTV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.
İTV-nin bu addımı həm də onu göstərdi ki, artıq ictimai-siyasi şəxsləri bizim və bizim olmayan adamlar (ifadə Əlisa Nicata məxsusdur) kateqoriyasına ayırmaq dövrü geridə qalıb. Azərbaycan cəmiyyəti dəyişilib, gəncləşib, Avropaya inteqrasiya edib, buna müvafiq olaraq hökumət özü də islahatlar aparır, gənc kadrlar vəzifəyə təyin olunur, korrupsiya, anti-demokratik davranışlara qarşı ən yüksək səviyyədə mübarizə aparılır. Sosial şəbəkədə ziyalıların, tanınmış şəxslərin yazdığı problemlərə diqqət edilir, həmrəylik göstərilən məsələlərin həll edilməsi mümkünləşir. Belə bir şəraitdə isə kimlərsə bu prosesin qarşısını almaq üçün Azərbaycanın əleyhinə fəaliyyət göstərən ünsürləri gündəmə daşıyır, onları Milana qədər göndərir və Paşinyanın əleyhimizə fikir söyləməsinə səbəb olur.
İki gündür ki, sosial şəbəkədə cəmiyyətimizin hər təbəqəsindən olan şəxslər A.Abdullayev adlı şəxsin ölkəmiz və millətimiz adına utanc olan davranışını qınayır, həmrəylik sərgiləyir. Bu, onu göstərir ki, Azərbaycan milləti Qarabağ məsələsində həmrəydir, beynəlxalq aləmdə Qarabağla bağlı mövzularda kimlərin çıxış etməli olduğunu bilir. A.Abdullayev adlı şəxsin Milana göndərilməsi Arzu Məmmədovanın, Bəxtiyar Hacıyevin sərgilədiyi davranışa qarşı atılmış bir addım olduğu şübhəsizdir. Doğrudur, bu kimi məsələlərdə Qarabağla bağlı daha hazırlıqlı şəxslərin, jurnalistlərin, ekspertlərin iştirakı arzuolunandır, amma B.Hacıyevin timsalında müstəqil fərdlərin addımlarını da dəstəkləmək lazımdır.
Baş verən bu hadisələr bir daha “bizim və bizim olmayan” şəxslər anlayışını gündəmə gətirir. İstər diaspora fəaliyyətində, istər beynəlxalq aləmdə Azərbaycanı təmsil edən şəxslərə “bizimkidir” anlayışı ilə deyil, “bacarıqlıdır” anlayışı ilə dəstək verilməlidir. Seçimlər bu yanaşmalar ilə baş tutduğu təqdirdə Milanda Paşinyana sualı psixoloji problemləri olan şəxs deyil, bu sahədə yetişmiş bir gəncimiz verəcəkdir.