3 May 2020 14:51
5 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan dövlətinin rus soyad sonluğu olan “ov”-“yev”lərdən imtina etməsi ölkəmizdə bu məsələni növbəti dəfə gündəmə gətirdi. Doğrudur, artıq uzun zamandır Azərbaycanda əksəriyyət “lı”, “zadə”, “oğlu” kimi sonluqları yeni doğulan övladlarının soyadlarına yazdırır, amma say etibarilə əvvəlki sonluqları daşıyanlar daha çox olduğuna görə geniş şəkildə nəzərə çarpmır.

Bəziləri üçün soyad sonluğu kiçik amil hesab edilə bilər. Bəziləri üçün isə rus soyad sonluğu Avropada keçmiş SSRİ vətəndaşı kimliyi baxımından prestij sayıla bilər. Biz məsələyə milli pəncərədən baxdığımıza görə, başqa fərdlərin öz soyadlarından necə istifadə etmək istəmələri məsələsini gözardı edirik. Amma həssas bir məsələ var ki, soyad sonluqlarımızdakı “ov” və “yev” Sisianovun Gəncəni, Levandovskinin Bakını işğal etməsi kimi bir şeydir. Qılıncla şəhərimizi, qələmlə kökümüzü işğal ediblər.

Azərbaycan Cümhuriyyəti liderləri bu həssas məsələnin fərqində idilər. Böyük ehtimalla daha mühüm islahatlardan sonra vətəndaşlıq haqqında qanunda bu da gündəmə gələcəkdi. Çünki siyasilərimiz mühacirətə getdikdən sonra soyad məsələsində bilavasitə öz nümunələrində addım atıblar.

Məsələn, Əlimərdan bəy Topçubaşov “Topçubaşi”, Mustafa ağa Vəkilov “Vəkilli, Vəkiloğlu”, Əbdüləli bəy Əmircanov “Əmircan”, Xoyskilər “Xanxoylu”, Ziyadxanovlar “Ziyadxan”, Əhməd Cəfərov “Cəfəroğlu”, Miryaqub Mirmehdiyev “Mirmehdier”, Xəlil bəy Xasməhəmmədov “Xasməhəmməd Gürgören” kimi sonluğu dəyişdirilmiş soyadlardan istifadə ediblər.

Əhməd bəy Ağayev isə hələ Osmanlıya getdikdən bir müddət sonra – 1915-ci ildən etibarən “Ağaoğlu” soyadını qəbul edib.

Mühacirlərin soyadlarındakı bu dəyişiklik həm də Türkiyədəki qanunlara görə idi. Atatürkün vətəndaşlıqla bağlı tətbiq etdiyi yeni qanunlardan sonra sürətli islahat aparıldı. Bəzi hallarda Atatürk öz silahdaşlarına özü yeni soyadlar təqdim edirdi. Məsələn, Türk Ocaqlarının başqanı Həmdullah Sübhi bəyə Tanrıöver soyadını Mustafa Kamal verib. Digər tərəfdən Türkiyədə bəzi cəbhələr Türkiyəyə keçmiş Çar Rusiyası ərazisindən gələn şəxslərlə mübahisə və müzakirələrdə uduzduqları zaman onlara casus damğası vurmaq üçün keçmiş soyadları ilə müraciət edirdilər. Bu hal daha çox Əhməd bəy Ağaoğlunun başına gəlib. Onu rus casusu elan etmək üçün müxalifləri “Agayef” deyə yazırdılar.

Məhəmmədəmin Rəsulzadə “zadə” sonluğunu saxlayıb, amma əmisi oğlu Məhəmmədəli “Rəsuloğlu” kimi qəbul edib.

Maraqlı bir amil Çar Rusiyası dövründə çıxan kitablarda iki formalı soyadların istifadə edilməsi idi. Məsələn Sultan Məcidin kitablarının Azərbaycan dilində olan qapaq hissəsində Qənizadə, rus dilində olan hissəsində isə Qəniyev yazılırdı. Bu baxımdan “zadə” sonluğu “ov”la müqayisədə daha yaxın olduğu üçün Qənizadə yazılmalıdır. Mirzə Fətəlinin Fransada çıxan kitablarında “Akhond-zade” soyadı istifadə olunub. Demək ki, Axundzadə soyadı da həmin dövrdə işlənib. Üzeyir bəy Cümhuriyyət illərində Hacıbəyli soyadından istifadə etdiyinə görə mütləq ki “Hacıbəyov” variantından imtina edilməlidir.

Təbii ki, soyadların milliləşdirilməsi məsələsində xalqa örnək olmaq üçün əvvəlcə məşhur şəxslər, siyasətçilər, yazıçılar, sənət adamları bu addımı atmalıdırlar. Müvafiq qurumlar isə proseduru mümkün olduğu qədər sadələşdirməlidirlər. Əks halda vətəndaşlar bu məsələdə maraqlı tərəf olmayacaqlar.


Müəllif: Dilqəm Əhməd