16 İyul 2020 21:00
6 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət illərinə aid bir hərbçi fotoşəkli var. Saçı-saqqalı ağarmış, əlində bayraq, belində tüfəng bir qoca ilə yanında əllərində tüfəng iki yeniyetmə. Mətin şəkildə fotoqrafa baxan yeniyetmələr əllərini bayrağa və qocaya tuşlayıblar. Ətrafdakı insanlar dayanıb bu maraqlı mənzərəyə tamaşa edirlər. Yenə eyni gündə çəkilmiş başqa bir fotoşəkildə həmin qocanı xeyli gənc əsgər arasında mərkəzdə əlində həmin bayraqla görürük.

Həmin sıravi qoca əsgər kimdir bilmirik. Amma həmin fotoşəkildə dəqiq olan bir şey var: Azərbaycanın azadlığı uğrunda vətəndaşın qocası da, yeniyetməsi də bir aradadır. Yeniyetmələr əlləri ilə işarə edərək o qoca əsgərdən və bayraqdan ilham aldıqlarını göstərirlər...

Ordunun komandanı vardı: Mehmandarov. Köməkçisi də vardı: Şıxlınski. Qısa müddət olsa da, təlim keçmiş peşəkar hərbçiləri də vardı. Amma o qoca və iki yeniyetmə xalqın birliyinin simvolu idilər.

***

İyulun 14-dən 15-nə keçən gecə xalqımızın birliyinə yenə də şahid olduq. Qazisi ilə yeniyetməsi, tələbəsi ilə polisi, yaşlısı ilə cavanı... Minlərlə insan Qarabağ üçün Şəhidlər Xiyabanına axışmışdı. Ordumuza dəstək, işğala son verilməsini tələb etmək üçün. Həmin gün çəkilmiş bir neçə fotoşəkil sosial mediada gündəm oldu, qürur duyuldu, imperiyadan ayrıldığımız günlərlə müqayisə edildi. Həmin gün Bakıda orada olanlar, bölgələrdə məlum şərtlərə görə gələ bilməyib sosial mediadan izləyənlər üçün unudulmaz oldu.

***

Fotoşəkillər önəmlidir. Qələbənin rəmzləri, birliyin simvolları mühümdür. Yenə bir fotoşəkildən bəhs edəcəyəm. Şəhid general-mayorumuz, milli qəhrəman adının veriləcəyini gözlədiyimiz Polad Həşimovun səngərdəki fotoşəkli. “Səngər generalı” başlığı ilə sosial mediada paylaşılan bu şəkil ilə əsgərlərinin, doğmalarının, tanışlarının onun haqqında yazdıqlarını bir araya gətirdiyimizdə mükəmməl bir şəxsiyyət portreti yaranmış olur. 45 yaşında bunlara nail olmaq, sağlığında gizlində, şəhidliyində hər kəs tərəfindən sevilmək nə möhtəşəmdir. Qısa, amma dolu bir həyat yaşamaq nə gözəldir.

Naməlum qocanı və yeniyetmələri, Polad Həşimovu və onun əsgərlərini, bu orduya sahib çıxan minlərlə insanı, Qarabağda döyüşmək üçün adını yazdırmaq üçün növbəyə duranları yetişdirən bizim xalqdır, özümüzük.

Polad Həşimovun şəhid olduğunu oxuduğumda Cümhuriyyət deputatı Məhəmmədəli Rəsulzadənin yenə eyni xain əllər tərəfindən şəhid edilən general Sulkeviç haqqındakı xatirəsi yadıma düşdü: “Çekistlər gəlib generala onlarla birlikdə getməli olduğunu dedilər. Başa düşdük ki, artıq onun həyatının sonu çatıb. Bolşeviklər generalı “rasxod eləməyə” aparırlar. Kameraya məzar sükutu çökmüşdü. Heç birimiz gözümüzü qaldırıb generalın üzünə baxa bilmirdik. Son təsəlli üçün ürək-dirək verməyə bir söz tapa bilmirdik. Amma bu məqamda general özü bizi qabaqladı. Sakit və hökmlü səslə yaddaşıma əbədi həkk olunmuş bu sözləri dedi: – Fəxr edirəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!”.

Polad Həşimovun son söz deməyə imkanı olmuşdumu, bilmirik. Amma əminik ki, o da bizə eyni sözləri deyəcək və başlatdığı işin bizim davam etdirməli olduğumuzu bildirəcəkdi.

Naməlum qocanın bayrağı bu gün Poladda idi, indi bir başqasında, sabah bir başqasında olacaq.

Önəmli olan o bayrağın enməməsidir. Bayraq isə Polad kimi şəxsiyyətlərin sayəsində enmir.


Müəllif: Dilqəm Əhməd