26 İyun 2021 16:15
5 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostum Gündüz Qaralova ithaf

Bir neçə gün öncə Ali Baş Komandan Vətən müharibəsində iştirak edən zabit və əsgərlərimizin təltif edilməsi ilə bağlı növbəti sərəncamı imzaladı. Ordu mənsublarımız Zəngilan, Cəbrayıl, Xocavənd, Şuşa, Laçın, Suqovuşan və s. bölgələrin azad edilməsi və “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “İgidliyə görə” görə medalları ilə təltif edildilər. Qarabağı işğaldan azad edən müzəffər ordumuzun təmsilçilərinin bütün ali mükafatlara layiq görülmələri onların haqqıdır, Azərbaycan var olduqca şəhid və qazilərimiz əbədi yaşayacaqlar.

Sosial mediada paylaşılan sevinc xəbərlərindən gördük ki, demək olar ki, hamımızın ailəsində, qohumunda, çevrəsində mütləq ki bir Vətən müharibəsi iştirakçısı olub. Bu fakt 44 gündə həyata keçirdiyimiz əməliyyatın Vətən torpaqlarının xilas edilməsində millət olaraq səfərbər olduğumuzun göstəricisidir. Necə deyərlər azərbaycanlılar da ordusu olan millət deyil, milləti olan ordu olduğunu sübut etdi.

Bu gün həmin ordunun yarandığı gündür. 26 iyun 1918-ci ildə qurulan milli ordumuz cəmi iki ay yarım sonra “Zəfər, bismillah” deyərək Osmanlı qüvvətləri ilə birlikdə ölkəmizin paytaxtını azad etdi, millətimizin ümid yerinə çevrildi. İki il ərzində həmin ordu gün gəldi Qarabağın hər qayası uğrunda döyüşdü, gün gəldi Lənkəranda yurdumuzun torpaqlarını qoparmaq istəyənlərlə savaşdı, gün gəldi Şuşada, Xankəndidə zəfər keçidi həyata keçirdi, gün gəldi Yalamada işğal qoşunları ilə ölüm-dirim müharibəsi apardı.

Cümhuriyyətin süqutundan sonra həmin ordunun zabitlərinin bir qismi yenə türklərin qurduğu iki dövlətin – Qacar və Osmanlı qüvvətlərinin sıralarına qatıldı, qardaş Türkiyənin Qurtuluş savaşında iştirak etdi, bir çoxları Mustafa Kamal paşa tərəfindən İstiqlal medalına layiq görüldülər. Çünki Azərbaycan ordusu istər öz vətənində, istər qardaşlarının torpaqlarında işğal üçün deyil, ancaq və ancaq istiqlal uğrunda savaşan əsgərlər olublar.

SSRİ-nin dağılmasından sonra yenidən qurulan Azərbaycan ordusu öz mahiyyətini dəyişmədi. Yarandığı ilk ildən etibarən yenidən Qarabağın azadlığı uğrunda vuruşmaq məcburiyyətində qaldı. Yetərli gücü olmasa da, imperiya qalıqlarına qarşı da savaşan ordumuz gün gəldi öz hədəfinin bir addımlığınadək gəldi...

Durğunluq oldu bir müddət. Zənn etdilər ki, Azərbaycan qüvvətləri Qarabağı işğaldan azad etməyə qadir deyil, düşündülər ki, xalq artıq işğal edilən torpaqların itkisi ilə barışıb. Təbliğatı bu yöndə qurdular, pessimizm aşılamağa başladılar. Qondarma sülh görüşmələri təqdim edildi, barışın, bitsin artıq bu məsələ dedilər. Əlbəttə ki, ermənilərin xeyrinə.

Amma istədikləri olmadı. Mübariz İbrahimovla başlayan və Aprel döyüşləri ilə bitən ilk mərhələ çox şeyin fərqli olduğunu göstərdi. Nəhayət, ötən il həlledici zərbə vuruldu və Azərbaycan ordusu artıq Şuşada, Xocavənddə, Kəlbəcərdə, Laçındadır. Həbib bəy Səlimov, Səməd ağa Mehmandarovdan başlanan yol Polad Həşimovlar, Hikmət Mirzəyevlərlə davam etdi.

Nə xoşbəxtik ki, biz Vətən müharibəsinin iştirakçıları ilə bir aradayıq, o şanlı günlərə şahid olduq. Aramızda 28 ildən sonra Vətən torpaqlarına ilk dəfə olaraq ayaq basan qazilərimiz var. Onlarla bir dövrdə yaşamaq bizlər üçün səadətdir. Hələ bir müddət sonra Şuşanı azad edən xüsusi təyinatlılarımızın yazdıqları tarixi dinləmək şərəfinə də nail olacağıq. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Suqovuşanın və xüsusi olaraq Xudafərinin azadlığı gününü unutmaq olarmı?!

Cümhuriyyət ordumuzun zabitlərindən Vəli bəy Yadigar illər sonra uzaq bir qitədə, Buenos-Ayres şəhərində haqlı olaraq yazırdı: “Azərbaycanın istiqlal hərbini (1917-1918), Bakının geri alınmasını (Sentyabr, 1918), Lənkəran-Talış səfərini, Samur çayı müdafiəsini, Xankəndini (Novruz bayramı gecəsi), Dığ səfərini, Əsgəran süngü müharibəsini, Tərtər üsyanını, Gəncə üsyanını, Qarabağ üsyanını, partizan hərblərini (1922-1957), İkinci Dünya müharibəsində Azərbaycan legionlarını, bizim cocukların igidliyini, axıtdıqları mübarək qanlarını necə unuda bilərik?”

Mümkün deyil. Necə ki 100 il sonra, 15 sentyabr 2018-ci ildə Bakıda yenidən Türk ordusunun hərbi keçidi oldu. 2020-ci ilin dekabrında Zəfər keçidi kimi tarixi ana şahid olduq.

Dövlət başçısı zabit və əsgərlərimizi təltif edərkən Vəli bəyin xatirələrindəki bir hissəni xatırladım: “1920-ci ilin fevral ayında Bakıda ilk dəfə olaraq Azərbaycan hərb nişanının verilməsinə qərar verilmişdi: İgid nişanı. Bu nişana layiq görülənlər arasında Hərbiyyə naziri Səməd paşa Mehmandarlı, köməkçisi Əli ağa Şıxlı və üç zabit vardı. Birisi piyada, ikincisi topçu, üçüncüsü süvari. İgid nişanının verilməsi, təəssüf ki mümkün olmadı”.

Vəli bəy 1959-cu ildə uzaq bir ölkədə yazırdı bu kədərli qeydləri.

Nə xoşbəxtik ki, dövlətin zabitlərimizə verdiyi nişanların arasında “İgidliyə görə” nişanı da var, artıq zabit və əsgərlərimizin üzərlərində gələcəyimizin parlaqlığının simvoludur.


Müəllif: Dilqəm Əhməd