13 Oktyabr 2021 11:56
7 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səsləndirsək də, səsləndirməsək də belə bir fikirlə özümüzə daim təsəlli vermişik: İran bizə qarşı hər hansı açıq hücum taktikasına əl ata bilməz, çünki cənubdakı soydaşlarımızı əks-faktor kimi nəzərə almaq zorundadır.

Görünür, 90-cı illərdə Təbriz sevdalı romantik-millətçi qüvvələrin iflasından sonra yaranmış "sükut illəri"ndən cənub qonşumuz məharətlə istifadə etməyə çalışıb və bunu bacarıb. Özünə tərəfdar və təsir qüvvəsi yetişdirməyi məqsəd seçmiş Tehran-Qum tandemi başqa amildən yox, məhz inanc-məzhəb alətindən yararlanıb.

İranla sərhəd rayonlarımızın işğaldan azad edilməsindən sonrakı geosiyasi durumun yeni hekayətində artıq bir taqım inanclı-məzhəbçi personajla qarşılaşmalı olduq. Terminoloji olaraq qəbulu caizdir, ya yox, deyə bilməyəcəyik, hər halda İrançı adlandırmağa qərar verdiyimiz təsir qüvvələrini belə bir bölgüylə təqdim edəcəyik:

1.İranı açıq müdafiə edənlər;

2.Barışdırıcı mövqedə dayanıb öz pozisiyasına sübut-dəlil axtaranlar; yaxud "bilirsiz elə deyil, məsələ bir az fərqlidir" leksikonuyla ehtiyatlı fikir sərgiləyənlər;

3.Susanlar; hər şeydən danışsalar da bu məsələdə dumanın çəkilməsini gözləyənlər.

Tamamilə haqlı olaraq bu bölgüyə etnik mənsubiyyətdən doğan bənd əlavə eləmirik. Düzdür, onların da cüzi təsiri mümkündür, eyni zamanda aydın məsələdir, İran bu amilin gündəmə gəlməsini istəmir, çünki etnik cizgi cənubdakı 30 milyonu yada salır - hərçənd 30 milyonu əhatə edən yatmış (sönmüş yox) vulkandan hələlik bircə çınqı lava da sıçramayıb.

Yeri düşmüşkən, uzun müddət susmasıyla bölgümüzün ikinci bəndində yer almış Hacı Şahinin ötən gün mediada yayılan müsahibəsi, zənnimizcə, onu həmin bənddən bir o qədər uzaqlaşdırmadı. Müsahibənin bəzi məqamalarında hər nə qədər prinsipial mövqe tutsa, hətta qırmızı cizgini bəyan eləsə də (dərhal başqa rəngli cizgilər də assosiasiya olunur; nədir axı, bu spektr?!), müsahibədə "bilirsiz, elə deyil, gərək elə edək ki..." ovqatı sezilən, duyulan yerlər az deyildi.

İndi bizim qarşımızda bir mühüm məsələni özətləyən suallar dayanır: İran nə üçün Azərbaycanın şimalında inanc-məzhəb mahiyyətli mərkəz kimi identifikasiya olunmalıdır? Kim məsələnin bu tərəfini xüsusi olaraq qabardıb və qalan amilləri (məsələn, etnik azərbaycanlılar və sair) yan təsir həddinə gətirib? Usta "əl işidir", elə deyilmi?

Mən demək istəyirəm: İranı böyük bir inanc qrupunun alternativsiz ünvanına çevirmək yanlışlıqdır.

Nəinki region ölkələri, Azərbaycanın öz daxilindəki qüvvələr də bir şeyi nəzərə almalı olacaqlar: 2020-ci ilin 10 noyabrından sonra Azərbaycanın şimalı güclənmiş, özünü təsdiqləmiş və şübhəli perspektivdən xilas olmuş bir dövlətə çevrildi.

Mən demək istəyirəm: 44 günlük müharibə təkcə Qarabağın xilası sayılmamalıdır və sayılmayacaq. Bu, Azərbaycanın xilasıdır - bunu şüar kimi demirəm. Bu bir realllıqdır.

Əkrəm Əylislinin "Daş yuxular" romanı birdən-birə cəmiyyətimizin başına göydən gələn daş kimi düşəndə bir təhlükəni, yadımdadır, xüsusən gənclərlə və başqa şübhəli ədəbi opponentlərlə dartışanda dəfələrlə təkrarlayırdım: Qarabağ konfliktində özünü günahkar bilib millətə, cəmiyyətə, dövlətə BU MƏSƏLƏDƏ təslimçilik dəhlizi göstərmək bütün Azərbaycanın taleyinə çarpaz xətt çəkməyə bərabər bir provakasiyadır. Çünki bizim dövlət və millət taleyimiz Qarabağda həll olunur(du).

44 günlük müharibədən Azərbaycanın şimalına yığılmış böyük qələbə və özünəinam enerjisini yenidən puça çıxarmaq cəhdi göz önündədir.

Mən demək istəyirəm: Qarabağ məsələsindən sonra, sanki bizim iradəmizdən kənar, metafizik bir növbələşməylə İran məsələsi gündəmə gəldi; biz bunda günahkar sayıla bilmərik.

Ağalar, biz ümumiyyətlə günahkar deyilik!


Müəllif: Qurban Yaquboğlu