16 Noyabr 2015 14:33
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Yadıma gəlir, tələbə vaxtı dərsdə, xüsusən uzun-uzadı mühazirələrdə mənasız şeylər haqqında çox düşünürdüm. Bu barədə xeyli danışmışam. Başımı söykəyib sinifdəki havaya həyatı ələ salırdım. Çünki başqa cür mümkün deyildi. Darıxanda özündən məhəbbət uydurmaq qədər gözəl şey yoxdur. Məsələn, bir qız nəzərdə tutursan, sonra da fikrə gedirsən. Guya o qız yatan otağın havasından udmaq və ya onun oxuduğu kitabın səhifəsi olmaq ən böyük arzundur. Guya o qızın anası evi süpürəndə palazın altından bir oğlan şəkli tapır. O oğlan da guya sənsən. Təsəvvür edin, anası qayıdır ki, ay qız, bu kimin şəklidir belə?

Qız pərt olur, udqunur, udqunur və axırda deyir ki, tanımıram. Hələ utanmaz-utanmaz anasından soruşur ki, kim gizlədib o şəkli orda? Bu yerdə qəflətən barmağındakı diş yeri durur qızın üzünə, deyir ki, ayıbdır. Boynundan, boğazından, saçından bir kişi dodağı çıxır, deyir ki, unutqan olma.

Mən həmişə bu cür eləyirdim. Birdən mühazirənin ortasında məni gülmək tuturdu. Hamı mənə baxırdı. Tez özümü ələ alırdım. Professor soruşurdu ki, dəli olubsan, öz-özünə nəyə gülürsən? Üzümün mimikasını dəyişib tez ciddi bir görkəm alırdım. Bəs müəllimə necə deyim ki, özümdən məhəbbət uydururam.

Təzədən eyni hala düşürsən və yenə də vaxt keçmək bilmirdi. Bu dəfə tələbələrin partanın üstünə yazdıqları mesajları bir-bir oxumağa başlayanda təzədən o qız yadıma düşürdü. Elə gözəl qız idi. Külək saçının səliqəsində gülürdü. Əllərini cibinə qoyub yolu keçəndə maşınlar onu görüb bir anlıq dayanırdı. Elə bil qırmızı işıqdır, işıqfora bənzəyirdi. Mənə elə gəlirdi ki, fəsillər o qızla başlayıb, onunla da qurtarırdı. Nə vaxt qısaqol geyinirdi hamı elə bilirdi yaydı. Nə vaxt qalın geyinirdi, elə bilirdilər qışdır. Külək elə bil o qız üçün əsir, günəş də onun üçün çıxırdı. Hansı avtobusa minsə oranı qadın ətri bürüyürdü.

Müəllim yenə soruşurdu ki, sənin fikrin haradadır, mənə qulaq asırsan? Əlbəttə, professor, çox maraqlı danışırsınız, bayaqdan fikrim sizdədir. Sinifdə elə bil dustaq idim, hərdən də başımı azca yana əyib parta yoldaşımdan soruşuram ki, zəngə nə qədər qalıb?

Bir dəfə lap dəhşətli dərəcədə darıxırdım. Ürəyim partlayırdı. Axırda cin nömrəmdən sim nömrəmə mesaj yazmağa başladım.

- Bağışlayın, bu nömrənin sahibi məni hər gün narahat edir. Bilmək olar, siz kimsiniz?

- Siz məni hər gün narahat edirsiniz, mən sizi yox...

- Bilmək istəyirəm, siz qadınsınız, yoxsa kişi?

- Məgər dünyada qadın, ya kişi var? Qadınları kişilər uydurub, kişiləri də qadınlar.

- Bu necə ola bilər ki? Anlamadım.

- Kişilər darıxmamaq üçün qadın uydurub, qadınlar da darıxmamaq üçün kişi.

- Maraqlıdır, siz nə işlə məşğulsunuz?

- Tələbəyəm. Müəllimlər məni bezdirib. Çoxlu mənasız kitablar oxuyuram. Amma fəlsəfi kitablara marağım böyükdür. Demək olar ki, əksər filosofların əsərlərini oxumuşam, fikirləri ilə tanışam.

- Siz harada qalırsınız?

- Amerikada tələbəyəm. Elə indi dərsdən yazıram sizə. Qoca bir professor bayaqdan danışır. Bilirəm ki, ağzından çıxan sözlərin çoxu yalandır. Onun bu cür danışıqları ürəyimi sıxır. Ona görə də qəti maraqlı deyil.

- Hansı dərsdir ki?

- Tarix...

- Hə, elədir. Tarixdə nə baş verir versin, onsuz da tarixçilər hər şeyi öz istədikləri kimi yazacaq.

- Bağışlayın, bəs siz nə işlə məşğulsunuz?

- Mən də tələbəyəm. Azərbaycanda yaşayıram. Elə mən də dərsdəyəm. Tarix dərsidir. Mən də sizə dərsdən yazıram...

- Deməli, darıxırsınız.

- Özü də çox, izah eləyə bilmirəm.

- İçki ilə aranız necədir?

- Hər gün içirəm.

- Mən də xoşlayıram içkini. Bilmək olar, niyə içirsiniz?

- Həyatda bir kişi yerimi aldatmaq üçün. Bəs siz niyə içirsiniz?

- Həyatda bir qadın yerimi unutmaq üçün.

- Aha, bildim. Demək, siz qadınsınız.

- Hə, qadınam. Şəklinizi göndərə bilərsiniz mənə? İstəsəniz mən də öz şəklimi sizə göndərərəm.

- Yox, göndərməyin. Mən sizi təsəvvür edirəm.

- Onda deyin görüm necə biriyəm?

- Düşünürəm ki, sən çox gözəl bir qızsan. Külək saçının səliqəsində gülür. Əllərini cibinə qoyub yolu keçəndə maşınlar səni görüb bir anlıq dayanır, elə bil qırmızı işıqsan, işıqfora bənzəyirsən. Fəsillər sənlə başlayıb, sənlə qurtarır. Nə vaxt qısaqol geyinsən hamı elə bilir yaydı. Nə vaxt qalın geyinsən elə bilirlər qışdır. Külək elə bil sənin üçün əsir, günəş də sənin üçün çıxır. Hansı avtobusa minsən oranı qadın ətri bürüyür.

- Nə gözəl danışırsınız, elə bil şairsiniz.

- Sizinlə tanış olmağıma çox şad oldum. Maraqlı bir insansınız. Ancaq indi zəngin vaxtıdır. Zəng vurulacaq. Düşüm bufetə, sonra yenə danışarıq.

- Hə, burda da zəngin vaxtıdır. Mən də şad oldum tanışlığa. Hərdən darıxanda yazışarıq.

- Oldu. Çox sağ olun.

Bütün tələbəlik illərim bu şəkildə keçdi. Sonra universiteti qurtarandan sonra da uzun müddət o qızı unuda bilmədim. Elə bil dəli olmuşdum, hər gün öz-özümə danışırdım...


Müəllif: Kəramət Böyükçöl