25 Sentyabr 2017 20:59
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Almaniyanın Düsseldorf şəhərinin Robert Şuman Konsert Zalında Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş mədəniyyət gecəsi keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Nordrayn Vestfaliya əyalətinin parlamentinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldof Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslim Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycan Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Gecədə çıxış edən qonaqlar Müslim Maqomayevin həyatı və yaradıcılığı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslim Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Lalə Cəfərova isə Müslim Maqomayevin xatirəsinə həsr etdiyi şeiri oxuyub.

Konsertin sonunda Müslim Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara öz təşəkkürünü və dərin minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com