27 May 2018 16:25
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bu gün Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə mədəniyyət xadimlərinə fəxri adların verilməsinə dair sərəncam imzalayıb. Onların arasında daha əvvəl əməkdar artist fəxri adını daşıyan Murad Dadaşov da var. Murad Dadaşov Azərbaycanın xalq artisti adına layiq görülüb.

Teleqraf.com-a açıqlama verən M.Dadaşov sənət adamlarına hər zaman göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Xalq artisti fəxri adına layiq görüldüyü üçün fərəh hissi yaşadığını deyib:

"Cənab Prezident hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. O, ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək, daim mədəniyyət sahəsinin də inkişaf və tərəqqiyə doğru irəliləməsi üçün əlindən gələni edib və edir. Məni və əziz həmkarlarımı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün bu gün inanılmaz qürur hissi keçirir və möhtərəm prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Prezidentimizin mənə göstərdiyi bu etimad, dövlət tərəfindən mənə layiq görülən bu yüksək fəxri ad böyük məsuliyyət hissi deməkdir. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihədə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Var olsun cənab Prezident! Var olsun birinci xanım Mehriban Əliyeva! Var olsun Azərbaycan xalqı!"

M.Dadaşov həmkarlarına görə də ikiqat sevinc içində olduğumu bildirib və fəxri ad alanların hamısını təbrik edib.


Müəllif: Günay Əli